Həcc ziyarətində korona virusu təhlükəsi-Özəl
Müqəddəs Payızov: "Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyindən bizə bu barədə təlimat gəlməyib"
Səudiyyə Ərəbistanında korona virusundan ölənlərin olması
Həcc ziyarəti yaxınlaşdıqca narahatlıqları artırır. Bu il Həcc
ziyarətinə getmək üçün qeydiyyatdan keçənlər bu virusa
yoluxacaqları ilə bağlı ciddi narahatlıq keçirirlər. Bu il
Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub. Bəs
görəsən Səudiyyə Ərəbistanında yayılmış virusla bağlı
zəvvarlarımızın sağlamlığına təhlükə yarana bilərmi? Qafqaz
Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Müqəddəs Payızov Movqe.az-a açıqlamasında bildirdi ki,
zəvvarlarımızın narahatçılığına qəti əsas yoxdur: "Çünki, həmişə bu
ölkədə təhlükəli virus yayıldıqda Səudiyyə Ərəbistanının Səhiyyə
Nazirliyi xəbərdarlıq edir. Bizə təlimatlat göndərirlər ki,
zəvvarlar bu viruslara qarşı peyvənd olunsunlar. Bu il bizə bu
ölkənin Səhiyyə Nazirliyindən hər hansı xəbərdarlıq təlimatı daxil
olmayıb. Ona görə də, narahatçılığa əsas yoxdur". M. Payızov
zəvvarların yalnız müəyyən qrip növlərinə qarşı peyvənd edildiyini,
xəstəliklərinin yoxlanıldığını söyləyib. Qeyd edək ki, Səudiyyə
Ərəbistanı Səhiyyə Nazirliyi ölkədə korona virusundan ölənlərin
sayının 28-ə çatdığını bəyan etmişdi. Bununla bağlı açıqlama verən
Ümumdünya Səhiyyə Təşkilatının səlahiyyətliləri isə virusun yayılma
sürətindən narahat olduqlarını bildiriblər. Qeyd edək ki, virusa
qarşı qoruyucu peyvəndlər mövcud deyil və xəstəliyin müalicəsi
yoxdur.