Əlaqə Arxiv
news Image
2013.09.17
13:21
| A A A
BSU-da İtaliyanın Çerveteri şəhərindən gələn nümayəndə heyəti ilə AMEA əməkdaşları arasında görüş keçirilmişdir

BSU-nun mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, dünən İtaliyanın Çerveteri şəhərinin meri Alessio Paskuççi və onun rəhbərlik etdiyi nümayəndə heyəti (şəhər meriyasında turizm şöbəsinin müdiri Lorenzo Kroçi və sahibkar Hugo Riççi) ilə görüş keçirilmişdir. BSU-nun rektoru, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Kamal Abdullayevin rəhbərliyi ilə keçirilən görüşdə AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, İlyas Babayev, Humanitar və İctimai Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Əliyeva, tarix üzrə fəlsəfə doktoru (2012-ci ildə Çerveteri şəhərinə ezam olunmuş) Nigar Gözəlova və BSU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Anya Bayramova da iştirak etmişlər.


Görüşün məqsədi İtaliyanın Çerveteri şəhəri ilə AMEA arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi və bu əməkdaşlığın sərhədlərinin müəyyənləşdirilməsi olmuşdur.


Professor K.Abdullayev Çerveteri şəhəri ilə qurulan əlaqələrin Azərbaycan-İtaliya münasibətlərinin inkişafında böyük rol oynadığını qeyd etmişdir. O, 2012-ci ildə Çerveteri şəhərinə ezam olunmuş AMEA əməkdaşları və onların fəaliyyəti haqqında məlumat vermiş, Çerveteri şəhərindəki tarixi abidələrin, etrusk mədəniyyətinin artıq Azərbaycan alimlərinin marağına səbəb olduğunu diqqətə çatdırmışdır.


Görüşdə şəhər haqqında ətraflı məlumat verən mer Alessio Paskuççi Azərbaycana gəlişinin əsas məqsədi şəhərin tarixi, arxeoloji irsinin təbliği, etruskların tarixi köklərinin araşdırılmasına azərbaycanlı alimlərin cəlb edilməsi olduğunu qeyd etmişdir. O bildirmişdir ki, Çerveteri şəhərinin adı artıq 10 ildir ki, YUNESKO-nun maddi-mədəni irsi siyahısına daxil olub. Mer 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Luvrda, 2014-cü ilin yayında isə Romada, may ayında paralel olaraq Çerveteridə etrusk mədəniyyəti, arxeoloji tapıntılara həsr olunmuş sərginin təşkil olunacağı haqqında məlumat vermişdir. Alessio Paskuççi Çerveteridə nəzərdə tutulan sərgidə digər ərazilərdən tapılmış eksponatların da nümayiş etdiriləcəyini bildirmişdir. Öz qədim köklərinin Azərbaycanla bağlı olduğunu iddia edən mer Azərbaycan alimlərini qeyd olunan sərgiyə və qədim köklərin araşdırılmasında birgə əməkdaşlığa dəvət etmişdir. O, həmçinin şəhərə məxsus kitabxananın Azərbaycanla bağlı məlumatlarla zənginləşdirmək istədiyini də xüsusi vurğulamışdır.

Sizin Reklam Yeriniz