Suriyada son günlər hökumət qüvvələri ilə gedən döyüşlərdə xarici ölkələrdən olan 30-dan artıq mücahid həlak olub. Bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Həlak olanlar "Nüsra Cəbhəsi"nin sıralarında döyüşənlərdir. Onların arasında 6 Azərbaycan, 4 Türkiyə, 5 İordaniya, 9 Səudiyyə Ərəbistanı, habelə Əfqanıstan və Pakistan vətəndaşları var. Sentyabrın 13-də Suriyanın Hama şəhərində gedən döyüşlərdə "Mühacir və Ənsar" qrupunun tərkibindəki azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən "Əbu Yəhya" ləqəbli Azərbaycan vətəndaşı öldürülüb. Həmin döyüşdə daha 4 azərbaycanlı mücahidin də öldüyü bildirilir. Qeyd edək ki, bu ilin avqust ayının əvvəllərinə olan məlumata görə, Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə 60-dan artıq azərbaycanlı iştirak edib.
Suriyadan Azərbaycan vətəndaşlarının təxliyyə olunduğunu nəzərə alsaq bu ölkədə Azərbaycan vətəndaşlarının hələ də qalması maraq doğurur. Azərbaycan xarici işlər nazirliyinin mətbuat katibi Elman Abdullayev isə Movqe.az-a açıqlamasında bildirib ki, onların Azərbaycan vətəndaşları olduğu barədə fikir söyləmək hələ tezdir: "Suriyada vəziyyət gərgin olaraq qalır. Buna görə də Azərbaycanın Dəməşqdəki diplomatik missiyası öz işini dayandırıb. Amma diplomatik missiya aydınlaşdırma istiqamətində işlərini davam etdirir və Suriyada döyüşdüyü ehtimal olunan azərbaycanlıların ölkəmizin vətəndaşları olub-olmadığını araşdırır".
E. Abdullayev deyib ki, Azərbaycanın Suriyadakı səfirliyi ölkəni tərk edərkən, konsulluq şöbəsində qeydiyyatda olan Azərbaycan vətəndaşların Suriyadan evakuasiya edilməsi istiqamətində addımlar atıb: "Konsulluq şöbəsində olan vətəndaşlar Suriyadan evakuasiya edildikdən sonra bizim diplomatik nümayəndəliyimiz də bu ölkəni tərk edib. Suriyada vəziyyətin gərgin olmasını nəzərə alaraq, ayrı-ayrı insanlarla bağlı vəziyyəti öyrənmək çətindir. Amma araşdırmalar aparılır. Ola bilər ki, onlar heç Azərbaycan vətəndaşları olmasınlar. Axı ölənlərin Azərbaycan vətəndaşı olduğunu təsdiqləyən fakt yoxdur ortada".
İlahiyyatçı Hacı Vaqif Azərbaycan vətəndaşlarının Suriyada döyüşlərdə könüllü iştirakının düzgün olmadığını söyləyib. H. Vaqif deyib ki, Azərbaycan müharibə şəraitində olduğu təqdirdə cihad üçün Suruyanı seçənlər düzgün yolda deyillər: "Mən heç inanmıram ki, onlar Suriyaya cihad etməyə gediblər. Ora gedən azərbaycanlılarıın bəziləri aldadılıb aparılır, sonra döyüşlərə cəlb olunur. Fikrimcə bu vətəndə xalqa, vətənə, dövlətçiliyə xidmət elə cihaddır. Azərbaycanı burnunun ucunda qoyub Suriyaya cihad etməyə getmək lazım deyil. Onlar öz vətənləri üç ün canlarından keçməlidirlər. Mən onların Suriyada istiqlal uğrunda vuruşduqlarına inanmıram".