Əlaqə Arxiv
news Image
2013.09.19
12:03
| A A A
Bakı məktəblərindən birində çipsi qalmaqalı-Eksklüziv
Fazil Talıblı: " Hətta məktəblinin verdiyi xəbərə görə, bufetdə cips almaq üçün tənəffüs zamanı növbə də yaranır"

Paytaxtda yerləşən məktəblərin birinin bufetində ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar satılır. Bu məlumatı Movqe.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı verib. F. Talıblının sözlərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə bu barədə məktəblərdən birindən siqnal daxil olub: "Həmin məktəbin şagirdinin Komitəyə verdiyi məlumata görə, sözügedən məktəbdə çipsi məhsulu satılır. Hətta məktəblinin verdiyi xəbərə görə, bufetdə çipsi almaq üçün tənəffüs zamanı növbə də yaranır. Çipsi məktəblərdə satılması qadağan olunan məhsullar siyahısına daxildir. Odur ki, hazırda Komitənin Nəzarət Xidməti tərəfindən  bu məsələ araşdırılır. Məlumat daxil olan məktəbdə reyd keçirilərək bu məlumatın doğru olub-olmadığı üzə çıxarılacaq".

F. Talıblı bildirib ki, SMPDK məktəblərin bufetlərində qadağan olunmuş qidaların satılması faktı ilə rastlaşan şagird və valideynləri bu barədə Komitəyə məlumat verməyə səsləyir. 

Qeyd edək ki, respublikanın ümumtəhsil müəssisələrinin bufetlərində və məktəbəqədər təhsil müəssisələrində  "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın tətbiqinə nəzarət məqsədilə artıq nəzarət tədbirlərinə başlanılıb. Artıq sentyabrın 2-dən etibarən standartın tətbiqi qüvvəyə minib. Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təhsil müəssisələrində təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə təhsil müəssisələrində qidanın təhlükəsizliyinə, tərkibinə, qida dəyərliliyinə, həcminə, keyfiyyətinə və qidanın qəbul şəraitinə, o cümlədən təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin edən texnoloji şəraitə vahid tələbləri müəyyən edən dövlət standartını təsdiq edib. AZS 747-2013 "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın tətbiq vaxtı 2 sentyabr 2013-cü il tarixindən müəyyən edilib. Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı müasir qidalanma sistemini təşkil edən reqlamentləşdirilmiş əsas sənəd sayılır və standartın Azərbaycan Respublikasının təhsil müəssisələrində və təhsil müəsssisələri üçün qidalanmanı təşkil edən müəssisələrdə icra edilməsi məcburidir. Bu standartın əsas məqsədi təhsil müəssisələrində qidalanmanın optimallaşdırılması yolu ilə təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsidir. Standartda təhsil müəssisələrində qidanin tərkibinə, qida dəyərliliyinə, həcminə, keyfiyyətinə, təhlükəsizliyinə və qidanin qəbul şəraitinə, qidalanmanın təhlükəsizliyinə və keyfiyyətinə, istifadə olunan qabların təhlükəsizliyinə, həmçinin əsas qida maddələrinə və enerjiyə olan fizioloji tələbat normalarının ödənilməsi üçün tələblər müəyyənləşdirilmişdir. Standartda 3-18 yaşlı uşaq və yeniyetmələr üçün fizioloji tələbat normaları, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyyə olunan əsas qida məhsullarının siyahısı, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı, məktəbəqədər təhsil müəssisələri üçün orta gündəlik ərzaq çeşidinin siyahısı və s. əks olunmuşdur. 


Sizin Reklam Yeriniz