Əlaqə Arxiv
news Image
2013.09.25
17:24
| A A A
Jurnalistlər seçkinin birinci mərhələsinə qiymət verdilər

Bu gün "Azad və ədalətli seçkilər uğrunda" Jurnalist Təşkilatları və QHT Koalisiyasının rəhbəri Seymur Verdizadə prezident seçkilərinin birinci mərhələsinin yekunlarına dair mətbuat konfransı keçirib. S.Verdizadə bildirib ki, Jurnalist-QHT Koalisiyası tərəfindən namizədlərin irəli sürülməsi, imzatoplama kampaniyası, qeydiyyatı prosesinin monitorinqini aparılıb. Onun sözlərinə görə, monitorinq zamanı bütün açıq mənbələrdən məlumatlar toplanıb və təhlil edilib. Seçiçilərin təşəbbüs qrupları və namizəd irəli sürmüş siyası partiya və siyası partiya blokları, namizədlərin seçki qərargahlarının nümayəndələri ilə təmaslar qurulub. Şəmkir, Tovuz, Şəki və Lənkəran şəhərlərində seçicilərlərlə görüşlər keçirilib. Bu görüşlərdə 1000 nəfərdən artıq vətəndaş iştirak edib.

Jurnalist-QHT Koalisiyasının rəhbəri deyib ki, monitorinq prosesi zamanı siyasi partiyalar və medianın sərbəst fəaliyyəti üçün hər hansı məhdudlaşdırıcı faktorlar, müdaxilə və təzyiqlər halları qeydə alınmayıb: "Siyasi partiyaların, medianın və vətəndaş cəmiyyəti institutlarının 9 oktyabr prezident seçkilərinə fəal hazırlaşdıqları müşahidə olunur. Ümumiyyətlə, cəmiyyət səviyyəsində 9 oktyabr seçkiləri ilə bağlı canlanma və fəallıq diqqəti çəkir. Bölgələrə monitorinq səfərləri, seçicilərlə görüşlər vətəndaşların seçkiyə hazırlıq prosesini diqqətlə izlədikləri və məlumatlı olduqlarını göstərib. Əvvəllki illərlə müqayisədə seçicilərin seçki prosedurları, seçkilərdə müşahidəçilik, səsvermə prosedurları, imzatoplama kampaniyası ilə bağlı daha məlumatlı olduqları diqqət çəkir".

S.Verdizadə vurğulayıb ki, monitorinq zamanı KİV-in, jurnalistlərin sərbəst fəaliyyətinə, prezident seçkiləri ilə bağlı proseslərin işıqlandırılması, informasiyaya çıxış imkanları ilə bağlı hansısa məhdudulaşdırıcı, yaxud söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə biləcək kənar müdaxilələrə rast gəlinməyib. Prezident seçkiləri ilə bağlı internet medianın xüsusi fəallığı nəzərə çarpır. Seçicilərlə görüşlər zamanı onların, xüsusən iri şəhərlərdə informasiya mənbəyi kimi daha çox internet media və sosial şəbəkələrə üstünlük verdikləri məlum olub. Çap mediası da ənənəvi olaraq prezident seçkiləri ilə bağlı xəbərləri diqqətdə saxlamaqda davam edir. Tənqidçi mövqeyi ilə seçilən internet media və qəzetlərin seçkilərlə bağlı informasiya əldə etmək, sərbəst yaymaq və polemika və müzakirələr təşkil etməklə bağlı fəaliyyətlərinə hər hansı məhdudlaşdırıcı addım kimi qiymətləndirilə biləcək faktlar qeydə alınmayıb".

Mətbuat konfransında qeyd olunub ki, seçicilərin öz adlarını siyahılarda yoxlaması üçün MSK müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası aparıb. "Adınızı seçici siyahısında yoxlayın", "Seçicilər siyahısında adınızı yoxlamağı unutmayın", "Mərkəzi Seçki Komissiyasının qaynar xətti - 115", "Seçici siyahıları internetdə", eləcə də seçkilərə çağırış mövzulu ümumilikdə 34 adda yüz minlərlə çağırış plakatı hazırlanaraq respublikanın bütün bölgələrində əhalinin xüsusilə sıx olduğu yerlərdə (ticarət və əyləncə mərkəzləri, avtobus dayanacaqları və digər sosial məişət obyektlərində) nümayiş etdirilir.Sonda S.Verdizadə bildirib ki, monitorinqin ilkin mərhələsinin nəticələri göstərir ki, 9 oktyabr prezident seçkilərinin azad, ədalətli və dünyada qəbul olunmuş demokratik standartalara uyğun keçməsi üçün bütün zəruri hazırlıqlar görülüb, seçki marafonuna qoşulan siyasi partiyalar, namizədlər üçün bərabər şərait yaradılıb. Seçkilərə vətəndaş nəzarətinin yüksək səviyyədə olması üçün zəruri addımlar atılıb. Eyni zamanda söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı sahəsindəki vəziyyət fikir plüralizmi, açıq debatlar, müzakirələr, polemikalar üçün geniş imkanlar açır.

Sizin Reklam Yeriniz