Bakı Slavyan Universiteti Bolqarıstanın Sofiya Universitetində yeni mərkəz açıb. BSU-nun mətbuat xidmətindən verilən xəbərə görə, universitetin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullayevin təşəbbüsü ilə Rusiya, Ukrayna və Belarusun nüfuzlu ali məktəblərində BSU tərəfindən Azərbaycan Tədris-mədəniyyət mərkəzləri yaradılmış və uğurla fəaliyyət göstərir, BSU-nun mütəxəssisləri tərəfindən bu universitetlərin tələbələrinə Azərbaycan dili tədris edilir. Sentyabrın 25-də Bolqarıstan Respublikasının bu günlərdə 125-illiyini qeyd edən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Bakı Slavyan Universiteti tərəfindən yaradılaraq Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Sofiya Universitetinin Şərq Dilləri və Mədəniyyəti Mərkəzinin və Klassik və yeni filologiya fakültəsinin fəaliyyət göstərdikləri binada yerləşən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışında Sofiya Universitetinin rektoru prof. İ.İlçev, Bakı Slavyan Universitetinin nümayəndə heyəti, Bolqarıstan Respublikası Parlamentinin üzvü Q.Svilenski, Azərbaycan Respublikasının Bolqarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri E.Kərimov, səfirlik əməkdaşları, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan və Gürcüstanın Bolqarıstan Respublikasındakı səfirləri və səfirlik nümayəndələri, ölkənin dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.Mərkəzin açılış mərasimini açıq elan edən Şərq Dilləri və Mədəniyyəti Mərkəzinin müdiri prof. A.Fedotov tədbirin qədim tarixə və zəngin ənənələrə malik Sofiya Universitetinin həyatında mühüm hadisə olduğunu qeyd etdi. Universitetin rektoru prof. İ.İlçev BSU tərəfindən yaradılan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təkcə iki ali məktəb arasında əməkdaşlıq əlaqələrinin deyil, həm də xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacağına əmin olduğunu bildirdi. Rektor Mərkəzin BSU tərəfindən qısa bir müddətdə tərtib edilərək Azərbaycana maraq göstərəcək bolqar tələbələrinin istifadəsinə verilməsini yüksək qiymətləndirdi.
BSU-nun tədris işləri üzrə prorektoru prof. A.Hacıyev tədbir iştirakçılarını Bakı Slavyan Universitetinin rektoru prof. K.M.Abdullayevin adından salamlayaraq onun təbriklərini Sofiya Universitetinin rəhbərliyinə və mərasimə dəvət olunmuş qonaqlara çatdırdı. Qeyd edildi ki, Bakı Slavyan Universiteti Sofiya Universitetində fəaliyyətə başlayan Mərkəzə xüsusi diqqətlə yanaşacaq, onu dərslik və lüğətlər, tədris vəsaitləri və elmi ədəbiyyatla mütəmadi olaraq təmin edəcək, universitetlər arasında müəllim və tələbə mübadiləsinə xüsusi önəm verəcəkdir.
Tədbirdə Azərbaycan Respublikasının Bolqarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri E.Kərimov, MDB Xalqları ilə Dostluq Federasiyasının sədri prof. Z.Zaxariyev, Mərkəzin müdiri S.Şiqayeva və başqaları çıxış etdilər və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə uğurlar arzuladılar.
BSU tərəfindən ilk dəfə olaraq MDB məkanından kənarda, Bolqarıstanın Sofiya Universitetində yaradılan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Azərbaycan Respublikasının dövlət atributları ilə, elmi və tədris ədəbiyyatı nümunələri, xalqımızın qədim tarixi və zəngin mədəniyyətinə dair məlumatlarla, bolqar gənclərinə Azərbaycan dilinin tədrisi prosesində, mədəni-kütləvi tədbirlərdə istifadə ediləcək müasir texniki avadanlıqlarla təmin edilmiş, rəngarəng reproduksiyalar və şəkillərlə bəzədilib.
Açılış mərasiminin yüksək səviyyədə təşkili və keçirilməsi Mərkəzin yaxın gələcəkdə Azərbaycanı təbliğ və tədqiq edən müasir tədris məkanına və maraqlı mədəniyyət guşəsinə çevriləcəyinə əminlik yaradır.