Əlaqə Arxiv
news Image
2013.11.02
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Siyəzən yeni inkişaf mərhələsində daha böyük nailiyyətlərə imza atır

Modern tərəqqi yolunda yeni böyük nailiyyətlərə imza ataraq uğurla irəliləyən müasir Azərbaycanı bu gün xarakterizə edən əsas cəhətlərdən biri də sosial-iqtisadi sferada yaşanan sürətli inkişafdır. Elə bunun nəticəsidir ki,  artıq dünyada inkişafın Azərbaycan modelindən bəhs olunur, onun səciyyəvi cəhətləri beynəlxalq miqyasda geniş araşdırma predmetinə çevrilir.

O da birmənalı həqiqətdir ki, Azərbaycan tarix üçün kifayət qədər qısa sayıla biləcək  zaman kəsiyində böyük tərəqqi yolu keçərək qazandığı nailiyyətlərlə nəinki mövcud oluğu regionda, həm də dünya coğrafiyasında lider mövqelərdən birinə yüksəlib. Belə vəziyyət təbii olaraq beynəlxalq hüququn müstəqil subyekti kimi ölkəmizin dünya miqyasında nüfuz və mövqelərinin davamlı şəkildə güclənməsi ilə müşayiət olunur. 

Bütün bunları şərtləndirən əsas amillərdən biri isə Azərbaycanın iqtisadi resurslarından, o cümlədən regionların potensilanıdan səmərəli formada istifadə etməsidir. Regionların inkişafı məqsədilə ölkəmizdə həyata keçrilən kompleks tədbirlər öz uğurlu nəticələrini verməkdədir.  Əhalinin tələbatından asılı olaraq regionda yeni istehsal və ya emal sahələrinin yaradılması istiqamətində görülən işlər, eləcə də  davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədi ilə həyaia keçrilən digər tədbirlər qazanılan uğurların kökündə dayanan əsas məqamlardandır. Göstərilənlərin bariz nümunəsini Quba-Xaçmaz iqtisadi rayonunda öz xüsusi çəkisi ilə seçilən Siyəzən rayonunun timsalında da aydın müşahidə etmək mümkündür. Mavi Xəzərin sahillərində yerləşən Siyəzən rayonu həm də Azərbaycanın bu gün ən sürətli inkişaf dövrünü yaşayan bölgələrindən biri hesab edilir. Rayon sözün əsl mənasında abadlıq-quruculuq ünvanına çevrilib.  

Rayon şimal marşrutunun başlanğıc nöqtəsi hesab edilir. Bu gün Siyəzən ölkə əhəmiyyətli iki tarixi abidəyə ev sahibliyi edir. Bunlardan biri Beşbarmaq səddidir ki, onu Siyəzənin emblemi olaraq da təsvir edirlər. Digəri isə vaxtilə Azərbaycanda Böyük Çin Səddinə oxşar əzəmətli bir sədd olan Gilgilçay səddidir. Tarixi etibarı ilə Siyəzən Azərbaycanın gənc rayonlarından hesab edilsə də bu gün ölkənin inkişafına özünəməxsus töhfələr də verməkdədir. Məlumat üçün bildirək ki, Siyəzən rayonu  1992-ci ilin fevralında yaradılıb. Lakin Siyəzən rayon kimi ilk dəfə indiki Şabran rayonunu bir hissəsində 11 fevral 1940-cı ildə təşkil olunub və 1959-cu ildə ləğv edilərək yenidən həmin rayonun tərkibinə verilib. 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959-cu il sərhədləri daxilində yenidən bərpa olunub. Siyəzən sözünün yozumu ilə bağlı ehtimallardan birində deyilir ki, Siyəzən tat dilində "siyahzən", yəni "qaravuran", "ovçu" deməkdir.  Rayonun coğrafi mövqeyi starteji əhəmiyyətli sayıla bilər. Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşən rayon ərazisi əsasən neft və təbii qaz, həmçinin əhəng daşı, çınqıl, gil və s. təbii ehtiyatlarla zəngindir. Siyəzən rayonunun ərazisindən respublika əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bakı-Quba magistral avtomobil yolunun 40 kilometri, Bakı-Mahaçqala dəmir yolunun isə 47 kilometri rayon ərazisinə düşür. 

Bakıdan şimalda yerləşən ərazinin Xəzərin sahili boyunca 40 km-lik sərhəd zolağı var. Araşdırmalara görə, eramızdan min illər əvvəl bu ulu yurd yerimiz qədim türk tayfaları olan sakların, skiflərin, massagetlərin, hunların, daha sonralar isə oğuz səlcuqlarının məskənləri olub. Siyəzəndən bəhs edərkən təbii ki, ilk olaraq yada düşən  Böyük Qafqaz sıra dağlarının cənub - şərq ətəklərində Zarat kəndindən 3 kilometr şimal - qərbdə yerləşən Beşbarmaqdır. Bura həm dağ, həm qədim qala və həm də ölkənin ən məşhur ziyarətgahlarındandır. İlin bütün fəsillərində bu məkan ziyarət axınına uğrayır. Qayaların ən yüksək zirvəsindən Xəzər dənizinə möhtəşəm mənzərə açılır. 

Məlumdur ki, qədim türk dillərindəki "parmak" təpə kəliməsindən gəlir. Azərbaycan ərazisində qədim mənbələrdə qeyd olunmuş ilk termindir ki, IX əsr ərəb səyyahı Əl - Məsudinin əsərində adı çəkilir. Mənası "təpədə salınmış binə" deməkdir. Elmi ədəbiyyatda Beşbarmaq dağı üzərində yerləşən qala haqqında hələ araşdırma aparılmayıb. Bununla yanaşı, burada bir vaxtlar mövcud olmuş karvansaray binasının və qaya üzərindəki digər tikililərin, möhtəşəm və gözəl istehkamın Makedoniyalı İsgəndər tərəfindən inşa etdirilməsi haqqında rəvayət var. İddiaya görə bunları Əmir Teymur dağıdıb. Başlıcası isə, ilkin orta əsrlərdə "hun qapıları" adlanan dövlət sərhədi məhz Beşbarmaq dağından keçib. Ümumiyyətlə, Siyəzənə yolu düşənləri ilk baxışda cəlb edən məhz uzadılmış daş əli xatırladan qayadır və onun qeyri - adi forması uzaqdan cəlb edir. Bir - birinə bitişik beş qaya parçasından ibarət olan bu dağın Beşbarmaq adlanması quruluşu ilə bağlıdır. XVII əsrin məhşur holland dənizçisi, səyyah Yan Streys şimal - şərqi Azərbaycandan keçərkən gördüyü Beşbarmaq abidəsi haqda yazırdı ki, biz dənizin yanından keçəndə bir dağ gördük: "Dağ "Parmax" və ya "Barmax" adlanır. Zirvəsi düz istiqamətdə uzanan barmağı xatırladır. Vaxtilə burada möhtəşəm qala olub ki, bu ərazinin müdafiəsinə xidmət edib. İndi də həmin divarların özülü dairəvi qalıb". 

Beşbarmaq qalasının tikilmə tarixi bilavasitə Sasanilərin öz ərazilərini Cənubi Qafqaz torpaqları hesabına genişləndirmələri ilə bağlıdır. IV - VII əsrlərdə Qafqaz Albaniyası ərazisində sistem şəklində tikilən müdafiə istehkamlarından birincisidir. Beşbarmaq dağından Xəzər dənizinə qədər uzanırdı. Alban tarixçisi Moisey Kalankatlı Sasani padşahı Yezdəgirdin dövründə 438 - 457-ci illərdə tikildiyini və Sasanilərin cənubda ilk müdafiə qalası olduğunu qeyd edib. 452-ci ildə Alban xanları Sasanilər əleyhinə üsyan qaldırdılar. Bu üsyandan sonra Sasanilər xanların hücumunun qarşısını almaq məqsədilə buradan 27 km şimalda yeni bir müdafiə divarı - Gilgilçay müdafiə istehkamını tikdirdilər. Orta əsrlərin sonlarınadək əhali çox vaxt burada basqınlardan müdafiə olmaq üçün gizlənib. Qala və karvansarayların qalıqlarını ərazidə indi də görmək olur. Alman coğrafiyaşünası Adam Oleari 1636 - 1638-ci illərdə Azərbaycanda olub və Beşbarmaqda gördüklərini belə təsvir edib: "Tabutun yanında bir qarı oturub gözətçilik edirdi. Nəzir vermək üçün ziyarət olan gün yerə palaz döşənir. Şəhərdən və uzaq yerlərdən çoxlu qadın və qızlar gəlmişdilər. Onlar ayaqqabılarını çıxarıb mağaraya girərək tabutu öpüb yerdən otururdular ki, istəklərinin yerinə yetməsi üçün dua etsinlər. Dua etdikdən sonra qarıya pay verirdilər. Qarı gecələr də tabutun yanında oturaraq çıraq yandırırdı. Ona pendir, çaxır, süd, çörək, yağ verirdilər. O gecə səhərə qədər müqəddəslərin gömüldüyü yerdən müxtəlif səslər və qışqırıqlar eşidildi. Bütün bunlar bütpərəst bir ayin təəssüratı bağışlayırdı". 1858-ci ildə Beşbarmaq karvansarayında gecələyən Fransız yazıçısı Aleksandr Düma yol xatirələrində yazır: "Buradakı böyük bir tikilinin qalıqları yanında köçəriləri gördük. Aydın oldu ki, bura karvansaraydır. Karvansaray qalıqları uçmuş böyük divardan və formasını saxlamış qüllələrdən ibarətdir".

Çox hissəsi dağılan Gilgilçay səddinin isə 1931-32 və 1963-1964-cü illərdə təqribən 60 km-lik hissəsi tədqiq olunub. Gilgilçayın Xəzərə töküldüyü yerdən başlayan səddin divarları Babadağa doğru 60 km-ə qədər uzanır. Gilgilçay kompleksi ilk orta əsrlərin ən möhtəşəm dörd müdafiə xəttindən biridir. Qafqaz Albaniyası ərazisində şimaldan köçəri tayfaların hücumlarına qarşı III-V əsrlərdə ucaldılıb. Bu istehkam haqqında ilk məlumata ərəb tarixçisi Əl-Bəlazuri (IX əsr) "Ölkələrin fəthi"  kitabında rast gəlinir. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir ki, bu sədd dənizdən başlayıb Çıraqqalaya bitişir. Oradan da üzərində böyük bir xarabası olan Anta dağından keçərək Qonaqkəndin üstündən Babadağa doğru gedir. Gilgilçay səddinə daxil olan Çıraqqala Azərbaycanın dağ qalaları içərisində ən oynaq silueti olan abidədir. Bütün bunlar və digər tarixi abidələr, hadisələr aydın sübut edir ki, tarixən Siyəzən Azərbaycanın həyatında mühüm rol oynayan rayonlar sırasında yer alır. Bu gün isə rayon sosial-iqtisadi sahədə yaşanan inkişafla Azərbaycanın ümumi tərəqqisinə öz töhfələrini verir, əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun formalaşmasında xüsusi çəkisini davamlı sürətdə artırır. Təbii ki, bunun əsas səbəblərindən biri Siyəzənə də yüksək səviyyədə göstərilən qayğı, həmçinin rayon rəhbərlyinin qeyd edilən istiqamətdə görülən işlərə bilvasitə səmərəli formada nəzarət və prosesdə fəal iştirakçı olmasıdır. Məhz bundan iərli gəlir  ki, "Regionların sosial-iqtisadi inkişafi Dövlət Proqramı" rayonda uğural icra olunub və proses davam etdirilməkdədir. Nəticə etibarı ilə rayon sakinlərinin maddi rifahhalı davamlı surətdə yüksəlir, insanların layiqli həyat tərzi təmin olunur. Ümumiyyətlə, məlumdur ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın məzmunu birbaşa sosial xarakter daşıyır və sənədin məntiqi nəticəsi insan amilinə söykənir. Yəni, dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur. Bu halın ən bariz nümunələrindən birinə isə məhz Siyəzəndə rast gəlmək mümkündür. (ardı var) 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi  İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən  maliyyələşdirilən "Regionların  sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub. 


Sizin Reklam Yeriniz