Temperatur 3-8 dərəcə düşəcək, şimal küləyi güclənəcək, bəzi yerlərdə sulu qar, qar yağacaq
Bakı və Abşeron yarımadasında noyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşama doğru havanın tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi ərazilərində zəif duman, çiskin olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin rəsmi saytında verilən məlumata görə, havanın temperaturunun gecə 7-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, çiskin olacağı gözlənilir. Axşam bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 14-19, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 27-si axşam respublikanın qərb rayonlarında, 28-də isə bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı, 29-da gözlənilən qısa fasilədən sonra noyabrın 30-dan dekabrın 1-i səhərədək yenidən yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.
Göstərilən müddət ərzində dağlıq rayonlarda yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu noyabrın 28-də ötən günlərlə müqayisədə 3-8 dərəcə düşəcək. Noyabrın 28-də və 30-da şimal küləyinin güclənəcəyi gözlənilir.