Təhsil nazirinin müşaviri Elxan
Hüseynov Trend-ə bildirib ki, məzunların ixtisasları üzrə işlə
təmin olunması və işlə təmin olunan məzunların sayı ali təhsil
müəssisələrinin reytinq səviyyələrinin əsas göstəricisi kimi qəbul
olunmalıdır.
Onun sözlərinə görə, bu gün özəl sektorda ixtisaslı işçi
qüvvəsinin çatışmazlığı problemi mövcuddur. Ən böyük kadr
çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində
müşahidə olunur. Bu baxımdan əmək bazarının kadrlara olan bugünkü
tələbatını öyrənmək çox vacibdir. Ali məktəb rəhbərləri də əmək
bazarının tələbatları ilə bağlı mövcud vəziyyəti daim diqqətdə
saxlamalıdırlar. Ali təhsil müəssisələrinin rəhbərləri əmək
bazarının tələbatına cavab verən mövcud təsnifata uyğun yeni
ixtisasların açılmasına maraq göstərməlidirlər. Tələbat duyulmayan
ixtisasların bəziləri ixtisar olunmalı, bəzilərinin isə istiqaməti
dəyişməlidir.
E.Hüseynov deyib ki, mütəxəssis hazırlığı əmək bazarına hesablanmalıdır. Buna görə də ölkədəki ali məktəblər tələbə qəbulu planlarına dair təkliflər verərkən həmin ixtisaslar üzrə mütəxəssislərin hazırlanması imkanlarını bir daha nəzərdən keçirsələr, yaxşı olar.
Nazir müşaviri bildirib ki, bu gün universitetlər əmək bazarının
tələbatının öyrənilməsi işi ilə kifayət qədər məşğul olmurlar: "Bu
gün məzunların ixtisasları üzrə işlə təmin olunması ciddi
problemdir. Buna görə də təklif edilir ki, ali məktəblərin
məzunlarının öz ixtisaslarına uyğun işlə təmin olunması üzrə
reytinq hazırlansın".
E.Hüseynov qeyd edib ki, ali məktəblərin məzunların ixtisasları
üzrə işlə təmin olunması üzrə reytinq cədvəlinin hazırlanması bu
təhsil müəssisələrinin kadr hazırlığının planlaşdırılmasına,
məzunlarının karyera inkişafına diqqətini artırar. Bunu çox vacib
amil hesab edən E.Hüseynov deyib ki, məzunların ixtisasları üzrə iş
tapa bilməməsinin səbəblərini öyrənmək lazımdır. Ali məktəbi
bitirən məzun isə təhsilini başa vurduqdan sonra öz ixtisası üzrə
işsiz qalmayacağına əmin olmalıdır.