"Azərsu"abunəçilərinin 53 faizi sayğacla təmin olunub
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti içməli su və
kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması,
ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan
qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön
ödənişli (smart-kart tipli) elektron su sayğaclarının
quraşdırılması istiqamətində tədbirləri davam etdirir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin
Mətbuat xidməti şöbəsindən "Movqe.az-a daxil olan
məlumata görə, cari ilin yanvar-noyabr aylarında 180 min
abunəçi smart- kart sayğaclarla təmin edilib. Bununla da 2012-ci
ildən - smart-kart sayğacların tətbiqinə başlanılandan
indiyədək "Azərsu" ASC-nin xidmət idarələri və podratçı təşkilatlar
tərəfindən quraşdırılmış sayğacların sayı 200 mini keçib. Hazırda
Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə
smart-kart sayğacların quraşdırılması intensiv şəkildə aparılır.
Quraşdırılmış sayğacların 140 minə qədəri Bakı və Sumqayıt
şəhərlərinin, həmçinin Abşeron rayonunun payına düşür. Hazırda
regionlarda içməli su təchizatı və kanalizasiya
infrastrukturlarının yenidən qurulması layihələri çərçivəsində 60
mindən çox abunəçi smart-kart tipli sayğaclarla təmin olunub.
Artıq Quba, Ucar, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Hacıqabul,
Tovuz, Ağstafa və digər şəhərlərdə abunəçilər smart-kart
sayğaclardan istifadə edirlər.
Smart-kart sayğacların əhali və qeyri əhali qrupu
abunəçiləri üçün quraşdırılması paralel aparılır. İndiyə qədər
quraşdırılmış sayğacların 176 min ədədi əhali, 24 min ədədi isə
qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Ümumilikdə mexaniki
cihazlar da daxil olmaqla "Azərsu" ASC üzrə abunəçilərin 53
faizi sayğacla təmin olunub. Təhlillər göstərir ki,
smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su
itkiləri azalaraq satış həcmi artmış, eyni zamanda həmin
abunəçilər üzrə ödəniş 100 faiz təmin olunub. Su təchizatı və
tullantı sularının axıdılması xidmətlərindən istifadə edən
əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların
quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən
dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç
bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün
sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət
sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata
keçirilir.
şərh yaz