Son üç ildə Bakı şəhəri və ətraf qəsəbələrdə 820 km uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan 7 ədəd su anbarı tikilib. Həmçinin, 53 min mənzildən ibarət 900 çoxmənzilli yaşayış binalarının daxili supaylayıcı sistemləri yenilənib, 120 min ədəd smart-kart tipli sayğac quraşdırılıb. Bu layihələr Bakı şəhərinin mərkəzi də daxil olmaqla, paytaxtın bütün qəsəbə və yaşayış massivlərini əhatə edib. Movqe.az-ın məlumatına görə, bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov prezident İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib. ASC sədri qeyd edib ki, Dövlət Proqramının icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 mln. 760 min nəfərə çatdırılıb. Bakı şəhəri və ətraf qəsəbələrdə xidmət göstərilən əhalinin 78%-nin fasiləsiz içməli su təminatına nail olunub. O, sutkada 520 min kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisinin davam etdirildiyini və 2014-cü ildə başa çatdırılacağını açıqlayıb: "Mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan Zirə, Türkan, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin edəcək Qala-Zirə-Pirallahı kəmərinin davam edən tikintisi də 2014-cü ildə başa çatdırılacaq. Abşeron yarımadasında yaranan çirkab suların idarə olunması üçün 11 ünvanda ümumi uzunluğu 50 km olan tunel tipli kanalizasiya kollektorlarının tikintisinə start verilib". "Azərsu" başçısı bildirib ki, qarşıdakı illərdə yeni Dövlət Proqramına uyğun olaraq ətraf qəsəbələrdə 450 km magistral su xəttinin və ümumi tutumu 500 min kubmetr olan 50 su anbarının, 6500 km içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur. O, əlavə edib ki, bu işlər başa çatdıqdan sonra Bakı şəhərində və ətraf qəsəbələrdə yaşayan bütün əhali fasiləsiz içməli su ilə təmin olunacaq.