Müdafiə Nazirliyi cəbhədə zabitimizin şəhid olması faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir
ki, düşmənin cəbhə bölgəsində təxribatları davam edir. Yanvarın
23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini
pozaraq, Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı
mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.
Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin zabiti,
1978-ci il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il
tarixində hərbi xidmətə çağırılan kapitan Cəfərov Elnur Cəfər oğlu
döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan
snayper atəşindən şəhid olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun
əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan
Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra "Hərbi xidmətdə
fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.