Danimarkanın paytaxtı Kopenhagen şəhərindəki "Euroclub"da "Eurovision-2014" mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib. Movqe.az-ın məlumatına görə, mahnı müsabiqəsinin iştirakçıları əvvəlcə ənənəvi olaraq fanatların alqışları altında qırmızı xalı üzərindən keçərək zala daxil olublar. Rəsmi açılışda "Eurovision" mahnı müsabiqəsinin təşkilat komitəsinin rəhbəri Yan Ola Sand, yarışmanın təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker iştirakçılara uğurlar arzulayıb. Sonra 2013-cü ildə müsabiqənin qalibi olmuş danimarkalı təmsilçi Emmelie de Forest 36 ölkə təmsilçisini salamlamış və layiqli iştirakçının qalib gəlməsini arzulayıb. Gecədə müsabiqə iştirakçıları, məşhur DJ-lər konsert proqramları ilə çıxış ediblər. Müxtəlif ölkələrin təmsilçiləri öz repertuarlarından mahnılar səsləndiriblər. Qeyd edək ki, rəsmi açılış mərasimində nümayəndə heyətlərinin üzvləri, fanatlar və akkreditədən keçmiş jurnalistlər iştirak ediblər.