Əlaqə Arxiv
news Image
2014.05.06
14:22
| A A A
Əli Əhmədov: “Gülər Əhmədovanın yenidən YAP-a üzv olmasını indi nə o, nə də biz düşünürük”

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov sabiq millət vəkili Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib.


APA-nın xəbərinə görə, Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, hadisəyə hüquqi qiymət verilib və hüquq öz işini görüb: "İndi sırf insani münasibətlər ifadə olunur".

 

Onun sözlərinə görə, bir qadın kimi, himayəsində azyaşlı uşağının olması və digər yüngülləşdirici hallar nəzərə alınmaqla belə bir qərar qəbul olunub: "Belə bir qərarın qəbul olunması məhkəmənin səlahiyyətləri çərçivəsindədir. Ümumiyyətlə, istənilən bir insanın cəzaçəkmə müəssisəsinə göndərilməsində əsas məqsəd onun cəzalandırılması deyil, insanın islah olunmasıdır".

 

Ə.Əhmədov Gülər Əhmədovanın yenidən bəraət alması ilə bağlı məhkəməyə şikayət edəcəyinə də münasibət bildirib: "İstənilən vətəndaşın məhkəmə çəkişməsi aparmaq haqqı var. Məhkəmə tərəfindən bu və ya digər hökmlərə tuş gəlmiş insanlar belə hüquqlara sahibdirlər. Haqlı olduğunu sübut edə biləcəksə, müvafiq qərar qəbul edilə bilər. Bir daha demək istərdim ki, törədilən əmələ hüquqi qiymət verilib".

 

YAP-ın sədr müavini Gülər Əhmədovanın yenidən məmur postu tutması və ya partiya sıralarına bərpa oluna bilməsi ilə də bağlı sualı belə cavablandırıb: "Gəlin hadisələri qabaqlamayaq. Düşünmürəm ki, bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ YAP-a üzv olmaqdan ibarətdir. Bir insanın YAP-ın üzvlüyündən xaric olunması da, yenidən partiya sıralarına üzv kimi bərpa olunması da hüquqi məsələdən daha çox əxlaq məsələsidir. Biz YAP olaraq məsələyə bu cür qiymət verəcəyik. Gülər Əhmədovanın yenidən YAP-a üzv olmasını indi nə o düşünür, nə də biz düşünürük".

Sizin Reklam Yeriniz