Əlaqə Arxiv
news Image
2014.05.08
11:12
| A A A
Tıxac problemi getdikcə dərinləşir
Ekspert: " Konkret olaraq ərazilər üzrə tıxacın yaranma səbəbləri üzə çıxarılaraq, onun aradan qaldırılması üzrə işlər görülməlidir "

Azərbaycanda, xüsusən də Bakı şəhərində görülən bütün tədbirlərə baxmayaraq, tıxac problemi hələ də tam çözümünü tapmır. Məlumdur ki, ötən müddət ərzində müasir standartlara cavab verən çoxsaylı yollar çəkilib. Hətta elə yerlər var ki, maşınların müxtəlif istiqamətlərdə hərəkətinə imkan verən körpülər də inşa olunub. Amma avtomobillərin sayının artması tıxacların yaratdığı problemin çözümünü qəlizləşdirir.

Ekspert Azər Allahverənov qeyd edir ki, tıxac probleminin artmasının səbəbləri çoxdur: "Bakıda tıxaclarla mübarizədə müəyyən işlər həyata keçirilir. Məsələn, bəzi yerlərdə yollar genişləndirilib. Şəhərdə avtobusların yeniləri ilə əvəzlənməsi məsələsi var. Tutumu çox olan avtobuslar dövriyyəyə buraxılır. Amma təcrübə göstərir ki, bu işlər kifayət deyil. İldən-ilə bir tərəfdən nəqliyyat vasitələrinin sayı artır. Bir tərəfdən də şəhər böyüyür. Faktiki olaraq, bu halda şəhərin mərkəzi hissəsində yaranan sıxlıq qonşu, ətraf ərazilərə də keçir. Yol infrastrukturu bir neçə yerdə intensiv nəqliyyat axınına məruz qalır ki, bu da nəticə etibarı ilə geniş tıxacların yaranmasına gətirib çıxarır. Yeni yolların salınması, dar yolların genişləndirilməsi ilə məsələni müəyyən dərəcədə həll etmək mümkündür. Digər tərəfdən, lokal şəkildə işlər həyata keçirilməli, məsələn, işıqforlar düzgün, əlaqəli şəkildə nizamlanmalıdır. Bu gün (dünən-red.) Bakıxanov qəsəbəsində düşdüyüm tıxacdakı işıqforların düzgün işləməməsi nəticə etibari ilə belə bir vəziyyətin yaranmasına səbəb olub. Yollarda tez-tez təmir bərpa işləri görülür və bu hal bəzən geniş perimetri əhatə edir. Belədə həmin ərazilərdə tıxac yaranır. Belə olanda yol polisi alternativ yollardan istifadə etməyi tövsiyə edir. Amma Bakı şəhərində alternativ yolların çox olmaması problemin həllinə kömək etmir. Alternativ yol dedikdə sürücülərin ixtiyarına bəzən cəmi bir neçə kilometrlik yol verilir. Bu alternativ yol anlamına gəlsə də, reallıqda tam olaraq alternativ deyil. Beynəlxalq təcrübədə alternativ yollarda hərəkət istiqaməti dəyişir, nəticə etibrilə sürücülər perimetr üzrə aparılan təmir işləri ərazisində hərəkət edə bilir. Problemin həll bir çox məsələlərin dərindən təhlil olunmasından, kompleks tədbirlər görülməsindən keçir. Konkret olaraq ərazilər üzrə tıxacın yaranma səbəbləri üzə çıxarılaraq, onun aradan qaldırılması üzrə işlər görülməlidir. Məsələyə bu konteksdən yanaşmaq lazımdır. Qeyri-qanuni parkinqlər məsələsi də tıxacların yaranmasına rəvac verən başlıca amillərdəndir. Onlar ləğv olunub, qanuni parkinqlər salınmalıdır. Bundan başqa, təhsil müəssisələri, dövlət qurumları, ticarət obyektlərinin əksəriyyəti şəhərin mərkəzindən kənar ərazilərə çıxarılmalıdır. Belədə şəhərin mərkəzinin həddən artıq yüklənməsinin qarşısını qismən də olsa almaq olar".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Azərbaycanda mövcud olan avtomobillərin 60 faizi Bakının payına düşür: "Qalan 40 faiz avtomobilin 10-15 faizi də gün ərzində Bakıya daxil olub, çıxır. Yəni paytaxt gün ərzində mövcud avtomobil parkının təxminən 70 faizi ilə yüklənir. Paytaxtda adambaşına düşən avtomobil sayı inkişaf etməkdə olan ölkələrin göstəricisindən çoxdur. Paytaxtda gün ərzində 800 min avtomobil olur. Belədə, Bakı əhalisinin sayını nəzərə aldıqda, burada hər üç nəfərə bir avtomobilin düşdüyü üzə çıxır. Bu da Bakıda tıxacların yaranmasına səbəb olur".

Sizin Reklam Yeriniz