Əlaqə Arxiv
news Image
2014.05.08
13:26
| A A A
Suraxanı rayonunda Gül bayramı

Hər il may ayının gəlişini xalqımız sevinc, ümid və iftixar hissilə qarşılayır. Bu da təsadüfi deyil. Məhz bu ayda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü təntənə ilə, böyük məhəbbət və ehtiramla bayram edilir. Əlamətdar gün münasibəti ilə artıq neçə ildir ki, doğma ölkəmizin hər bir guşəsində "Gül bayramı"larının keçirilməsi bir ənənəyə çevrilmişdir. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən Gül bayramı hər bir vətəndaşımızın qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə həyatını sərf etmiş dahi şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.


Mayın 7-də paytaxtın Suraxanı rayonunda da əsl bayram ovqatı yaşanmaqdaydı. Həzin musiqi sədaları günəşli may günündə hər bir Suraxanılını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə Heydər Əliyev parkında keçirilən ümumrayon "Gül bayramı"na səsləyirdi. Park başdan-başa gül-çiçəyə bürünmüşdü.


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkda ucalan möhtəşəm abidəsinin ətrafında güllərdən toxunmuş xalça kompozisiya yaradılmışdı. Fəvvarələr meydanında Ulu Öndərin portretlərindən təşkil olunmuş "Yeddi portret", Bayraq meydanında, parkın "Gənclik bağçası"nda, "Skulptura bağı"nda və digər guşələrində təbii güllərdən yaradılmış müxtəlif kompozisiyalar diqqət çəkirdi. Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq nümunələrinə, al-əlvam güllərdən və çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, panno və tablolara, eskizlərə heyranlıqla tamaşa etməmək mümkün deyildi. Gül bayramında təbii güllərdən hazırlanaraq nümayiş etdirilən "Atəşgah", "Neft qülləsi", "Saat", yaşıl çəmən üzərində yaradılmış "Alov qüllələri", "Qız qalası" və digər əl işləri tədbir iştirakçılarının xüsusi marağına səbəb olurdu. Hiss olunurdu ki, iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi tədbirləri çərçivəsində keçirilən Gül bayramına çox ciddi hazırlaşmışlar.


Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və abidənin önünə tər güllər qoydular. Sonra tədbir iştirakçıları parkda düzənlənən gül kompozisiyaları və əl işləri ilə tanış oldular.


Heydər Əliyev parkında yaradılan müxtəlif gül kompozisiyaları, pannolar, şəkil və plakatlar, əl işlərindən ibarət sərgilər toplaşanları dönə-dönə ayaq saxlamağa vadar edirdi. Gül bayramına təqdim olunan eksponatlar mövzu əlvanlığı və janr müxtəlifliyi ilə diqqəti cəlb edirdi. Müxtəlif əl işləri, ekibanolar, qurudulmuş təbii güllər vasitəsi ilə parça üzərində yaradılan mənzərələr insanı valeh edirdi. Rayonun bütün idarə və təşkilatları, ümumtəhsil məktəblərinin kollektivləri, uşaq-tərbiyə müəssisələrinin nümayəndələri aylardan bəri hazırladıqları işləri burada sərgiləmişdilər. Ümumilikdə, rayonun 35 məktəbi, 35 uşaq tərbiyə müəssisəsi, 4 məktəbdən kənar təhsil müəssisəsi əvvəlcədən keçirilmiş baxışda seçilmiş ən yaxşı sənət, əl işi və rəsm, gül kompozisiyalarından ibarət nümunələrini münsiflər heyətinin ixtiyarına vermişdi. Bayram vaxtı məktəblilər eyni zamanda onlara təqdim olunmuş 35 lövhədə "Mən Gül bayramını necə görürəm" mövzusunda rəsmlərini çəkərək münsiflər heyətinə təqdim etdilər.


Bununla yanaşı, rayonun sənaye müəssisələri, həmçinin digər idarə və təşkilatlar da ənənəvi Gül bayramının baxımlı, cazibədar olması üçün öz kompozisiyalarını təqdim etmişdilər.


"Gül bayramı" Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunduğu üçün nümayiş etdirilən hər bir buketdə, gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət, onun ruhuna ehtiram və səmimiyyət hissləri qabarıq gözə çarpırdı. Hər bir çalarda, hər bir rəng koloritində, hər ilmədə, hər naxışda bir istək, bir arzu, bir məna formalaşmışdı – Ulu Öndərə sonsuz qayğı və ehtiram. Tamaşaçı seyr edir, onu maraqlandıran mövzularda suallar verirdi, qiymətləndirmək işi isə münsiflər heyətinin üzərinə düşürdü. Bütövlükdə burada nümayiş etdirilən əl işlərinin hamısı bir-birindən gözəl və cazibədar idi. Təbii güllərdən, müxtəlif bəzək elementlərindən istifadə etməklə hazırlanmış gül paltarlı balaca fidanlar da bayram şənliyinə xüsusi yaraşıq verirdi.


"Gül bayram"ndan sonra Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə rayon sakinləri və qonaqlara möhtəşəm konset proqramı təqdim olundu. Konsertdə ölkəmizin tanınmış mədəniyyət və incəsənət ustaları maraqlı və rəgarəng konsert proqramı ilə çıxış etdilər. Konsert möhtəşəm atəşfəşanlıqla başa çatdı.


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində Suraxanı rayonu ərazisində iməciliklər keçirilmiş, çoxlu sayda ağac əkilmiş, yeni abad məhəllələr yaradılmış küçə və meydanlarda, parklarda abadlıq, səliqə-səhman işləri görülmüşdür.


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə rayonda silsilə tədbirlər davam edir.

Sizin Reklam Yeriniz