Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-cü tədris ilində ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olmaq üçün sənəd verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibləri olan abituriyentlərin sayını açıqlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Movqe.az-a açıqlamasında deyib ki, bu il ölkənin ali məktəblərinə müsabiqədənkənar qəbul olmaq üçün 62 nəfər sənəd verib. Onun sözlərinə görə, ali məktəblərə müsabiqədənkənar qəbul olan 62 abituriyentin 1-i riyaziyyat fənni üzrə dünya fənn olimpiadasının, 1-si musiqi sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqənin, 60-ı isə idman sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların qalibləridir. Qeyd edək ki, "Təhsil haqqında" qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.