Təhsillə bağlı yeni müsabiqə başladı
Təhsil Nazirliyi tərəfindən hər il təşkil edilən
"Elektron Təhsil" müsabiqəsində münsiflər və ekspert qismində
iştirakla bağlı qeydiyyat artıq başa çatıb.
Təşkilat Komitəsindən Movqe.az-a
verilən məlumata görə, "Təhsildə İnternet texnologiyaları" və
"Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə
keçirilən müsabiqənin təşkilində əsas məqsəd elektron tədris
resurslarından, internet texnologiyalardan tədris
prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil
ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən
istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində
informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri
həvəsləndirməkdən ibarətdir. Müsabiqədə əsasən təhsil
müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi ilə
məşğul olanlar, valideynlər və şagirdlər, həmçinin, pedaqoji ali
təhsil müəssisələrinin tələbələri və aspirantları iştirak edə
bilərlər. "Elektron Təhsil"də iştirak etmək üçün qeydiyyatdan
keçmək lazımdır. Yalnız qeydiyyatdan keçən istifadəçilər müsabiqəyə
layihələrini (işlərini) təqdim edə və artıq müsabiqəyə qəbul olunan
layihələrə öz rəylərini (şərhlərini) yaza
bilərlər. Qeyd edək ki, ötən il
"Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan
tədris prosesinin ən yaxşı modeli", "Təhsildə
İnternet resursları" və "Müəllimlərin bloqları"
nominasiyaları üzrə keçirilən IV "Elektron təhsil"
müsabiqəsində 781 layihə iştirak edib. Müsabiqə üzrə onlayn müzakirələrdə "www.musabiqe.edu.az"
internet səhifəsində 2013-cü ilə qədər qeydiyyatdan keçmiş 4937
müəllim, 1616 tələbə, 4405 şagird, 570 valideyn iştirak
edib.