Əlaqə Arxiv
news Image
2014.05.15
19:28
| A A A
Azərbaycanda I Avropa Oyunları ilə bağlı nəqliyyat sahəsində reallaşdırılacaq layihələr açıqlandı

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışınadək Azərbaycanda nəqliyyat sahəsində bir sıra layihələrin reallaşdırılması başa çatdırılacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov "The Business Year" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, sərnişin nəqliyyatının təhlükəsiz istismarının təmin olunması və 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları başlayana qədər digər təşkilati məsələlərin həlli üçün yol-nəqliyyat infrastrukturu üzrə fəaliyyət planı təsdiqlənib: "Bu plan avtomobil yollarını, nəqliyyatı intellektual idarəetmə sistemini və dəmiryol şəbəkəsini əhatə edir".

Nazir qeyd edib ki, I Avropa Oyunları başlayanadək Tbiliis, Babək və Ziya Bünyadov prospektləri yenidən qurulmalı, Su İdmanı Növləri Sarayına kimi yeni yol salınmalıdır. Bundan başqa, Mikayıl Əliyev küçəsinin metronun "Koroğlu" stansiyasından Babək prospektinə qədər olan hissəsi yenidən qurulmalıdır.

Z.Məmmədov bildirib ki, I Avropa Oyunlarının keçiriləcəyi obyektlərə bitişik küçə və prospektlərdəki bütün işlərin 2015-ci il mayın 1-dək başa çatdırılması planlaşdırılır.

Nəqliyyatı intellektual idarəetmə sisteminə gəldikdə, nazir deyib ki, 2014-cü il və 2015-ci ilin birinci rübü ərzində Bakının avtobus dayanacaqlarında Wi-Fi sistemləri quraşdırılacaq, gələn nümayəndə heyətlərini daşıyacaq avtobuslar isə GPS sistemləri ilə təchiz olunacaq. Bundan başqa, Heydər Əliyev Beynəlxalq Hava Limanı, yarışların keçiriləcəyi Olimpiya şəhərciyi və obyektləri arasında sərnişindaşıma sistemi təşkil olunacaq.

Z.Məmmədov qeyd edib ki, I Avropa Oyunlarının keçirildiyi dövrdə gündüz saatlarında tikinti və yenidənqurma işləri müvəqqəti məhdudlaşdırılacaq, avtobuslar isə gecə saat 2-yə kimi işləyəcək.

Sizin Reklam Yeriniz