İnsan həyatı üçün önəmli orqanlardan biri olan göz eyni zamanda bir çox funksiyanı yerinə yetirir. Ətraf mühitdə olan informasiyanın 90 faizini göz vasitəsilə alan insanlar üçün bu, dünyaya açılan bir pəncərədir. Belə bir önəmli orqanı qorumaq, ətraf təsirlərdən mühafizə etmək isə hər bir insanın özü üçün mühüm şərtdir.
Kompüterdən istifadə edərkən göz qırpma sayı azalır
İnsanlar gözlə bağlı müxtəlif ağrılardan şikayətlənirlər. Bunlar əsasən göz yorğunluğu, gözlərdə və göz ətraflarında ağrı, gözlərdə yanma, nəyinsə gözə batması, quruluq hissi, qaşınma, qızartı, sulanma, bulanıq görmə, fokuslama çətinliyi, gözləri qıyaraq baxma, işığa qarşı həssaslıq, göz qapaqlarında iltihab, baş ağrısı və s. kimi amillərdir. Bu gün xarici ölkələrin bir qismində hər üç uşaqdan birində uzağı və ya yaxını görmə probleminə rast gəlinir. Gözlərdə yaranan problemləri isə insanlar müxtəlif amillərlə əlaqələndirirlər. Bunlardan biri kimi son zamanlar istifadəsi sürətlə artan kompüterlər göstərilir. Bəs görəsən, gözdəki ağrılar hansı amillərdən irəli gəlir? Ümumiyyətlə, kompüter ekranlarının göz sağlamlığına mənfi təsiri ilə bağlı müxtəlif fikirlər söylənir.
Alimlərin hesablamalarına görə, kompüterdən istifadə edərkən insanlarda göz qırpma sayı azalır. Normal halda insan dəqiqədə 25 dəfə gözünü qırpır. Bu isə gözün üst qapağının istirahət etməsi, göz yaşı ilə gözün təmizlənməsi və aydın görmənin təmin edilməsi kimi bir çox səbəblərlə bağlıdır. Ancaq monitordan istifadə edərkən göz qırpma sayı 10 dəfədən az, hətta 5-6-ya düşür. Bu zaman da göz yaşı buxarlanır, bəbək səthi quruyur, nəticədə isə yanma, batma, qızartı kimi əlamətlər yaranır. Eyni zamanda kompüterə baxarkən gözlər geniş açılır ki, bu da problemi artıran bir faktdır.
Azərbaycanda valideynlər bunu bilirdilərmi?
Həkim-oftalmoloq Qurban İsmayılovun sözlərinə görə, Azərbaycanda da belə bir fikir formalaşıb ki, kompüterlə məşğul olduqda göz zəifləyir. Əsasən də bunun uşaqlara şamil edildiyini deyən həkim bildirdi ki, valideynlərdən soruşmaq lazımdır ki, onlar əvvəllər uşaqlarının gözünün zəif olduğunu bilirdilərmi? Oftalmoloqun fikrincə, ümumiyyətlə, Azərbaycan cəmiyyətində gözü zəif uşaqlar var: "Burada isə kompüterin rolu yoxdur. Bunlar genetik yoxlama zamanı da müəyyən olunur. Ümumiyyətlə, nadir, maksimum 40 faiz emetrop gözə malik uşaqlar var. Təbii ki, uzağı zəif görən gözlə kompüter ekranına baxaraq işləyəndə də yorğunluqdan əlavə, spazm əmələ gəlir. Kompüterdə həddindən çox işləyəndə göz alması yorula bilir. Ancaq kompüter gözü zəiflətmir". Bunun üçün həkim məsləhət görür ki, yaşından asılı olmayaraq insanlar kompüterdən 1 saat istifadə etdikdən sonra 1-2 dəqiqə otağın uzaq küncünə baxsınlar. Bu zaman gözü həm də uzağa işlətmiş olurlar.
O da vurğulandı ki, ölkəmizdə çox az valideyn uşaqlarını anadan olduğu müddətdən məktəb yaşına qədər bütün həkimlərin müayinəsindən keçirir və bu da mühüm bir problemdir:
"Mən bu il ölkənin müxtəlif regionlarında üçgünlük, biraylıq gözün şiş xəstəliyi ilə doğulan uşaq görmüşəm. Təsadüfən onun gözünün qızarmasını, yaxud qaranlıqda gözün qəribə rəngdə olduğunu görüb həkimə gətiriblər. Yəni normal halda uşaqları müayinə etdirmirlər. Bizdə ümumiyyətlə, xəstəliyin erkən aşkarlanmasından qorxurlar".
Həkim deyir ki, normal doğulan uşaqlarda 4 yaşına qədər göz almasının oxu aşağı olur. 18 yaşına qədər göz almasının ölçüsü uzana bilir, bundan sonra göz alması öz formasını alır. Ümumiyyətlə isə gözləri müqayisə etdikdə onu üç cür müəyyənləşdirmək olar. Emetrop göz - normal gözlər hesab edilir ki, həm uzağı, həm də yaxını görür. Ikinci növ göz isə miyop gözlərdir ki, bunlar "minus" gözlər hesab edilir və onlar yaxını yaxşı görürlər. Bir də hipermetrop gözlər var ki, onlar "plyus" olur və həm uzağı, həm də yaxını yaxşı görə bilmirlər. Bunun da diaqnostikası üçün mütləq müayinəyə ehtiyac var. Q.İsmayılov da təsdiq edir ki, indiki dövrdə uşaqlar kompüterə daha çox meyllidirlər və kompüterdə çox işləyəndə gözdə yorğunluq arta bilər, amma zəiflik arta bilməz. Gözü hipermetrop olanlara kompüterlə işləyərkən yaxını görmək üçün olan eynəklərdən istifadə mütləq vacibdir.
Gözü yormayan tədbirlər
Mütəxəssislərin fikrincə, kompüterdən istifadə zamanı gözü yormayan tədbirlərdən istifadə edilməlidir. Bunlardan biri kimi düzgün baxış da önəmlidir. Ekranın üst kənarı göz xəttində olmalı, məsafə ekrandakıları rahat görə biləcək ən uzaq məsafədə olmalıdır. Hazırda ekrandan yayılan şüa müasir texnologiya, monitorla artıq təhlükə yaratmır. Ancaq yüksək keyfiyyətli monitorlardan istifadə edilməldir. Eyni zamanda ekran çox toz yığdığına görə, tez-tez təmizlənməlidir. Həmçinin iri hərflərlə yazmaq, 45-50 dəqiqədən bir ara verib gözü istirahət etdirmək də göz sağlamlığı üçün çox əhəmiyyətlidir. İndiki vaxtda sıx bir iş həyatına sahib olan insanların kompüterdən istifadə müddəti gündə 7-8 saat təşkil edir.
Televizora necə baxmalı?
Televizorun gözlərə problem yaratmasına gəldikdə isə oftalmoloq deyir ki, normal halda 5 metr məsafədən baxmaq məsləhətdir: "İnsanların televizora yaxından baxmasına gəlincə isə demək olar ki, həmin adamın gözündə görmə zəifliyi mövcuddur. Yaxından baxmaq gözü zəiflətmir. Bu vəziyyətdə həkim təyin edən eynəkdən istifadə etmədikdə onun gözü tənbəlləşəcək. Daha sonra gözün görmə qabiliyyəti azalacaq. Onu da qeyd edək ki, hazırda dünyada, eləcə də ölkəmizdə gözlə bağlı müxtəlif əməliyyatlar həyata keçirilir. Bu isə çatışmazlıqları aradan götürür, bir şərtlə ki, valideynlər vaxtında eynəyi taxdırsınlar. Avropa, yaxud digər sivil ölkələrdə uşaqdan böyüyə qədər insanların bir çoxu eynəkdən istifadə edir".
O da vurğulandı ki, düzgün eynəkdən istifadə də çox önəmlidir. Eynəkdən istifadə üçün mütləq həkimə müraciət olunmalı və həkim normanı təyin etməlidir. Yəni insanın bir gözü tam sağlam ola bilər, digər gözündə isə problem ola bilər. Əgər həkim eynək təyin edərkən bunun ciddiliyini nəzərə almayıb ondan istifadə etmirsinizsə, yaxud onu taxmaqdan utanırsınızsa, gələcəkdə daha çox problemlərlə üzləşmək ehtimalı var. Gəlin dünyaya açılan bu pəncərəni qoruyaq.