Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi cəmiyyətdə informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlərini davam etdirir. Movqe.az xəbər verir ki, bu məqsədlə Mərkəz akademik Zərifə Əliyeva adına liseydə "Uşaqların internetdə təhlükəsizliyi" mövzusunda valideyinlər üçün təlim keçib. Mərkəzin sektor müdiri Rəşad Əliyev və baş məsləhətçisi Aysel Hadiyeva xüsusi təqdimatlarla valideyinlər qarşısında çıxış ediblər. Rəşad Əliyev mobil telefonlarda uşaqların internet təhlükəsizliyi ilə əlaqədar xüsusi təqdimatı təlim iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, uşaqları kiber təhlükələrdən mühafizə etmək üçün mobil təhlükəsizlik imkanlarından faydalanmaq mümkündür. Aysel Hadiyeva isə təqdimatında uşaqların internet təhlükəsizliyi ilə bağlı valideyinləri təlimatlandıran təqdimatla çıxış edib. O, internetdə uşaqların qarşılaşa biləcəyi təhlükələr barədə valideyinlərə məlumat verib. Eyni zamanda uşaqların kompüterdəki internet fəaliyyətini necə izləməyin yollarını praktik nümunələrlə diqqətə çatdırıb. Bu baxımdan valideyinləri bu cür təlim və seminarlarda övladlarına qarşı daha diqqətli və həssas olmağa yönəltmək, cəmiyyətdə informasiya təhlükəsizliyi sahəsi baxımından maarifləndirmə işləri üçün geniş əhəmiyyət kəsb edir. ETM-dən verilən məlumata əsasən, Mərkəz bu cür təlimlərin keçirilməsini gələcəkdə də davam etdirmək niyyətindədir.