Əlaqə Arxiv
news Image
2014.05.21
23:30
| A A A
İndoneziyada 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycanın İndoneziyadakı səfirliyi 28 May - Respublika Günü və "İrs-Warisan" jurnalının İndoneziyada təqdimatı münasibətilə rəsmi qəbul təşkil edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir Tamerlan Qarayev tədbiri açaraq 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) mövcudluğunu, onun demokratik prinsiplər əsasında qurulduğunu vurğulayıb, 18 oktyabr 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının AXC-nin davamçısı olduğunu qeyd edib.

T.Qarayev müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı daxili və xarici qarşıdurma ilə mübarizədə ulu öndər Heydər Əliyevin apardığı siyasətin ölkəni xilas etdiyinə, 1920-ci ildə baş vermiş fəlakətin yenidən təkrar edilməsinin qarşısını aldığına diqqəti çəkib.

Diplomat toplantı iştirakçılarının diqqətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasətinin davam etdirildiyinə, Azərbaycanda aparılan demokratik proseslərə, ölkənin iqtisadi inkişafına, beynəlxalq aləmdə və regionda artan nüfuzuna, Azərbaycan-İndoneziya əməkdaşlığına cəlb edib.

Azərbaycan-İndoneziya münasibətlərinə toxunan səfir iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 2013-cü ildə 22 illiyinin qeyd olunduğunu nəzərə çatdırıb, siyasi cəhətdən münasibətlərin yüksək səviyyədə olduğunu bildirib və iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Dövlətlərimiz arasında ticarət əlaqələrinin sürətlə inkişaf etdiyini, 2013-cü ildə təxminən 2,7 milyard ABŞ dollarına çatdığını, lakin adıçəkilən rəqəmin əsasən Azərbaycandan İndoneziyaya xam neftin ixracı ilə bağlı olduğunu qeyd edən səfir digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

T.Qarayev bildirib ki, iki dövlət arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin, müqavilə-hüquq bazasının təkminləşdirilməsi və digər məsələlər üzrə ciddi işlər aparılır. O, Azərbaycan-İndoneziya arasında ticarət dövriyyəsinin yaxın beş ildə iki-üç dəfə artacağına ümidvar olduğunu qeyd edib.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü davamlı dəstəklədiyinə görə İndoneziya hökuməti və xalqına minnətdarlıq ifadə edib.

İndoneziyanın kənd təsərrüfatı naziri H.Susvono, İndoneziya parlamentinin Regional Nümayəndələr Palatasının sədri İ.Qusman tədbirin əsas qonaqları olublar.

Qəbulda İndoneziyanın parlament üzvləri, siyasi partiya rəhbərləri, ictimai və siyasi xadimlər, diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, ARDNŞ-nin Sinqapurdakı nümayəndəliyinin əməkdaşları, İndoneziya-Azərbaycan parlament işçi qrupunun üzvləri, Azərbaycan və türk icmaları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Çıxış edən H.Susvono Azərbaycan xalqını və hökumətini İndoneziya xalqı və hökuməti adından təbrik edərək xoş arzularını bildirib, uğurlar diləyib. İki ölkə arasında əməkdaşlığın bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyib, son illər ərzində iki dövlət arasında ticarət dövriyyəsinin artımını xüsusi qeyd edib. Nazir Azərbaycan və İndoneziya arasında müxtəlif sahələr üzrə nəzərdə tutulmuş proqramların həyata keçirilməsi məqsədilə dövlətlər arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib. H.Susvono hər iki ölkənin separatçılığa qarşı mübarizəsini xüsusilə qeyd edib və İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyəcəyini vəd edib.

Tədbirdə iştirak edən "İrs" jurnalının baş redaktoru M.Mərcanlı çıxış edərək jurnal haqqında qonaqlara geniş məlumat verib.

Tədbirdə Azərbaycan haqqında DVD materialları və fotoşəkillər nümayiş etdirilib, milli mətbəximizin nümunələri təqdim edilib, qonaqlara "İrs-Warisan" jurnalı paylanıb, Azərbaycan musiqisi səsləndirilib.

İndoneziyanın bir sıra rəsmiləri, qeyri-hökumət təşkilatları, Azərbaycana dost münasibət bəsləyən nüfuzlu ictimaiyyət nümayəndələri, İndoneziyada akkreditə olunmuş xarici nümayəndəliklər 28 May - Respublika Günü münasibətilə səfirliyə təbrik məktubları və gül çələngləri göndəriblər.

Sizin Reklam Yeriniz