Əlaqə Arxiv
news Image
2014.05.22
13:31
| A A A
Dövlət müşavirindən çağırış: “Nurçulara qarşı mübarizə aparmalıyıq”
"Gənclərin vəhhabilik, nurçuluq və digər cərəyanlara cəlb olunma cəhdləri var, bunlara qarşı hamılıqla mübarizə aparmalıyıq".
AzVision.az-ın məlumatına görə, bu barədə millətlərarası, multikulturizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bildirib. Tovuza səfəri çərçivəsində rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşən dövlət müşaviri bəzi bölgələrdə dinimizin təmizliyinə qarşı yad təsirlərin olduğunu diqqətə çatdırıb: "Prezident İlham Əliyevin respublikamızda Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqındakı sərəncamları dövlətçiliyimizin daha da inkişafı üçün güclü bir təkan olub. Bu sərəncamlardan irəli gələn vəzifələri nəzərə alsaq bizim görəcəyimiz işlər həddən artıq çoxdur. Azərbaycanda zəngin multikulturalizm ənənələri var. Onun mədəniyyəti, mənəviyyatı, həyat tərzi, ümumiyyətlə, Azərbaycan xalqı bütün dünyaya örnək olacaq qədər multikulturalizmin içərisindədir. Tolerantlıq artıq bizim həyat tərzimizə çevrilib. Bu, bizim dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir".
Dövlət müşaviri eyni zamanda vəhhabilik, nurçuluqdan da danışıb. "Bu gün bəzi bölgələrdə dinimizin təmizliyinə qarşı yad təsirlərin olduğunu, siyasi məqsədlər naminə bəzi hallarda gənclərin vəhhabilik, nurçuluq və digər cərəyanlara cəlb olunma cəhdləri var, bunlara qarşı hamılıqla mübarizə aparmalıyıq. Bu sahədə, xüsusilə hazırda 1700-dən çox məscidin olduğu Azərbaycanda dindarların da üzərinə böyük vəzifələr düşür. Bu sahədə biganəliyə, laqeydliyə yol verilməməsi, hamılıqla birləşərək dövlətçiliyimizin qorunması, ölkəmizin hərtərəfli inkişafı naminə var qüvvə ilə çalışmalıyıq".
Sizin Reklam Yeriniz