Şəkidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, üçü azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 19-cu kilometrliyində, Şəkinin Turan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəki rayonunun Cəyirli kənd sakini, 1988-ci il təvəllüdlü Vəfadar Etibar oğlu Hüseynov idarə etdiyi "Mercedes" markalı, 90 XJ 396 dövlət nömrə nişanlı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarına aşırıb. Qəza nəticəsində avtomobildə olan sərnişin Xanım Hüseynova aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib. Avtomobilin sürücüsü Vəfadar Hüseynov, avtomobildə olan digər sərnişinlər, Cəyirli kənd sakinləri - 1968-ci il təvəllüdlü Ruhəngiz Qabil qızı Şirinova, Ələsgər Hüseynov və avtomobildə olan hələ ki adı bilinməyən üç azyaşlı uşaq aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar.
Şəki MRX-dan APA-ya verilən məlumata görə, Ruhəngiz Şirinovaya ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan, onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur. Digər yaralılar - Vəfadar Hüseynov və Ələsgər Hüseynovun xəsarətləri yüngül olduğundan, onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Qəza nəticəsində xəstəxanaya daxil olan üç azyaşlı uşaq isə həkim müayinəsindən keçmək üçün Şəki Uşaq Cərrahiyyə Xəstəxanasına göndəriliblər. Hazırda uşaqların vəziyyətinin orta-stabil olduğu bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb, araşdırma aparılır.