Əlaqə Arxiv
news Image
2014.05.30
14:57
| A A A
Novruz Məmmədov: “Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq planı yoxdur”
“Prezidentin məktubunun əsas mahiyyəti ondan ibarətdir ki, Ermənistan bu ittifaqa qəbul edilərsə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunsun”

"Azərbaycan prezidenti Avrasiya İqtisadi İttifaqının təsisçiləri olan Rusiya, Qazaxıstan və Belarusun dövlət başçılarına həqiqətən də məktubla müraciət edib". Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

 

N. Məmmədov bildirib ki, bu gün beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın olmaması müəyyən addımların atılmasına gətirib çıxarır: "Bu kontekstdə Avrasiya ərazisində yeni qurumun yaranmasını normal hesab etmək lazımdır. Bura üzvlük məsələsində bizi maraqlandıran Ermənistandır. Ermənistan 20 ildən artıqdır Azərbaycanın ərazilərinin bir hissəsini işğal altında saxlayır. Bununla bağlı BMT TŞ-nin 4 qətnaməsi, beynəlxalq təşkilatların mövqeyi var. Üstəlik, Minsk Qrupunun həmsədrləri bir neçə bəyanat veriblər ki, münaqişə ilə bağlı indiki status-kvonu saxlamaq olmaz. Bütün bunlara baxmayaraq, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur. Bu prosesdə isə bizi təmin edəcək güclü addım atılmır. Bu çərçivədə düşündük ki, Ermənistan hansı şərtlərlə Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqına üzv ola bilər. Bununla bağlı Azərbaycan prezidentinin müraciəti oldu və bu müraciəti də Qazaxıstan prezidenti Nazarbayevin dediyi kimi, artıq təsisçi dövlətlərin rəhbərləri alıblar".

 

N. Məmmədovun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayaraq orada özünün işğalını müəyyən mənada qəbul etdirmək, bununla bağlı siyasi, iqtisadi, mədəni və digər addımlar atmaqla bu qurumlara üzv ola bilməz: "Məktubun da əsas mahiyyəti ondan ibarətdir ki, belə bir proses baş verərsə, beynəlxalq hüquq, onun norma və prinsiplərinə əməl olunsun. Orada həmçinin göstərilir ki, siz dövlət başçılarının Azərbaycanla yaxşı münasibətləriniz var, bu çərçivədə Azərbaycanın maraqlarına xələl gətirən addım atılmamalıdır. İlk andan məktuba müsbət mövqe bildirilib. Qazaxıstan prezidenti Nazarbayev söylədi ki, bu məsələyə diqqətlə baxmalıyıq və Azərbaycan Respublikasını narazı sala bilmərik. Ermənistanın rəhbərliyi bir qədər əvvəl bəyan etdi ki, bu quruma üzv olacaq. Baxmayaraq ki, 3 il Avropa İttifaqı və onun rəhbərləri ilə manevrlər etdi, işlərini qurdu, söz verdi, vəd verdi. Lakin Ermənistanın prezidenti bir səhər yuxudan durub bəyan etdi ki mən Avrasiya İttifaqına üzv olmağı qərara almışam".

 

N. Məmmədov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq planının olmadığını bəyan edib: "Biz hələlik bunu düşünmürük. Bizi burada maraqlandıran yalnız Ermənistanın ittifaqa üzvlüyü məsələsidir".

 

N. Məmmədov onu da vurğulayıb ki, bu gün beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadığı üçün dünyada qaynar nöqtələr yaranıb və problemlər meydana gəlib. 

Sizin Reklam Yeriniz