Əlaqə Arxiv
news Image
2014.05.30
19:19
| A A A
Həyatının "son zəng"i bu gün çalınan küçə uşaqları...-FOTOLAR

Onları ən çox axşam saatlarında "Zabitlər bağı" adlanan parkda görmək olar. Gündüz saatlarında da parkda dolaşsalar da, ən çox axşam saatlarında bu bağa gəlirlər. Yaşayış yerləri bu parka yaxın "Kubinka" adlanan əraziyə yaxın olduğundan buraya tez-tez üz tuturlar. Amma biz onları "Göy məscid"in qarşısında tapa bildik. Sabah onların günü olsa da, dediklərinə görə, belə bir günün olduğundan xəbərləri belə yoxdur. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il qeyd olunsa da, onlar həmin günün yaddaşlarında heç bir iz buraxmadığını, adi günlərdən biri olduğunu söyləyirlər. Movqe.az-ı əməkdaşı ilə söhbətdə balaca Vüsar bayram günlərində belə pulsuz olan atraksiyonlardan istifadə etmədiyini söyləyir. Onun dili ilə desək, qazancı şar satmaqdan çıxır. Bu gün balaca həmsöhbətim onun üçün əsl bayram olduğunu söyləyir. Niyə? Gəlin niyəsini onun dilindən eşidək:" Necə yəni niyə? Bu gün son zəng deyil? Hamı şar alıb aparır. Bilirsiniz, bu gün nə qədər şar satmışam? Düz 82 dənə".

Həyatının "son zəngi" körpəliyində çalınan Vüsar deyir ki, məktəbə getməsə də, şarı satılmayanda yolunu məktəbin qabağından salır. "Bəs bu gün niyə burda, məscidin qabağında durmusan" sualımıza Vüsar belə cavab verir: "Bura məktəbin yoludur. Gələn də şar alır gedən də. Məktəbin yanına polis buraxmır. Burda durub satıram".

Kiçik həmsöhbətimin başına Ramal, Nicat, Şölə adlı dostları da yığışır. Amma şəkilimizi çəkmə deyə israr edirlər. Onlarla söhbətdə "Zabitlər bağı"nı özlərinə məskən seçməsinin özəl səbəbinin olub-olmadığını da soruşuram. İçlərində dil boğaza qoymadan danışan Ramal özəl səbəbinin olduğunu deyir: "Bəs bilmirsiz "Zabitlər Bağı" bizim çörək ağacımızdır? Dayələrin hamısı axşam üstü uşaqları bu parka gətirir. Biz də ona görə bu parka yığışırıq. Şar satırıq, uşaq üçün maraqlı oyuncaqlar satırıq".

Uşaqlıqları yaşaya bilməsələr də, balacaları satdıqları oyuncaqlarla sevindirən bu balacalar onlara hədiyyə alıb sevindirən birinin olmadığını söyləyirlər. Balaca Vüsarın dediyinə görə atası həbsxanaya girən gündən bütün yük onun kiçik çiyinləri üzərinə düşüb : "Çörək pulunu mən qazanıram. Atam həbsxanaya girəndən iki il sonra anam da ərə getdi. Balaca bacımı da özüynən apardı. Mən razı olmadım onunla getməyə. Bibimin yanında qalıram. Günüm əsas küçələrdə keçir".

Başıma toplaşan balaca həmsöhbətlərimdən asudə vaxtlarını necə keçirdiklərini, nə ilə məşğul olduqlarını soruşuram. Deyirlər ki,onlar ancaq günlərini küçələrdə kiçik alış-veriş etməklə keçirirlər. "Sizcə digər uşaqlardan, həmyaşıdlarınızdan fərqiniz nədədir" sualımıza isə jarqon ifadələrlə dolu cavab alırıq: "Bizi onlardan fərqləndirən çox şey var. Bizim canımız bərkdi, bərkə-boşa düşmüşük. Mama uşağı deyilik. Çöldə- bayırda yatırıq. Döyülən, söyülən vaxtımız da olub. Elə vaxt olub ki, tozlamaya, iyləməyə məcbur edilmişik.Amma indi hər şeyə öyrəşmişik".

Vüsarla söhbət zamanı öyrənirik ki, onun kimi digər yoldaşları da toksikomaniyanın qurbanıdır. Balaca həmsöhbətim yaşıdları olan küçə uşaqları arasında spirtıli içki aludəsinə çevrilən, hətta narkotik çəkəninin olduğunu da söyləyir. Onun sözlərinə görə, narkotikdən istifadə etməyən uşaqlar isə aseton və yapışqanı "sellofan"paketlərə tökərək iyləyib eyforiya vəziyyəti yaşayırlar.


















































Sizin Reklam Yeriniz