Əlaqə Arxiv
news Image
2012.04.12
11:34
| A A A
MTN vəhhabilərə qarşı Xaçmazda əməliyyat keçirib
İki nəfər saxlanılıb, silah-sursat və qadağan olunmuş dini ədəbiyyat götürülüb

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Xaçmazda əməliyyat keçirib. Əməliyyatda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər.
Həyata keçirilən əməliyyat nəticəsində radikal "vəhhabi" təriqətinin üzvü olduğu ehtimal edilən iki nəfər saxlanılıb. Onlardan biri Faiq Süleymanov Azərbaycanı tərk edərkən Yalama sərhəd keçib məntəqəsində tutulub. Digər saxlanılan şəxs isə rayon sakini Şahin Talıbovdur.
Əməliyyatçılar adıçəkilən şəxslərin evlərindən silah-sursat və qadağan olunmuş dini ədəbiyyat aşkar edərək götürüblər.
APA-nın əldə etdiyi məlumata görə, bu MTN-in bir neçə gün əvvəl Gəncə və bir sıra rayonlarda həyata keçirdiyi xüsusi əməliyyatın davamıdır. MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ölkədə ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin 17 üzvü ifşa edilərək yaxalanıb. Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və Qusar rayonlarında həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində silahlı birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd "AKM" tipli avtomat silah, 1 ədəd "RPK" tipli pulemyot, 2 ədəd "Makarov", 1 ədəd "Naqan", 1 ədəd "Steçkin" tipli tapançalar, 2 ədəd "Karabin" tipli tüfəng, 6 ədəd güllə ilə dolu tapança darağı, 300 ədəd müxtəlif çaplı patron, 31 ədəd əl qumbarası, 15 ədəd uzaqdan idarə edilən partlayıcı qurğu, 3 ədəd detonator, külli miqdarda partlayıcı maddə olan plastid, 3 ədəd avtomat silah üçün daraq, 30 ədəd "Kenwood" markalı rabitə aparatı, 3 ədəd süngü bıçağı, terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat, habelə qanunla qadağan edilmiş xeyli sayda hərbi ləvazimat və digər əşyalar aşkar edilərək götürülüb.
Bildirilib ki, Gəncə şəhərində həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına qarşı şiddətli silahlı müqavimət göstərilib. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər tərəfindən xüsusi təyinatlılara odlu silahlardan atəşlər açılıb və əl qumbarası atılıb. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı həlak olub və 3 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən şəxslərdən biri məhv edilib, biri yaralanıb, qrupun daha iki üzvü isə yaxalanıb.
Gəncədə keçirilən əməliyyat zamanı zərərsizləşdirilən silahlı, Zaqatalanın Aşağı Tala kənd sakini, 1975-ci il təvəllüdlü Vüqar İsmixan oğlu Padarovdur. V. Padarovun qardaşı Mehdi Padarov isə MTN-in Zaqatalada keçirdiyi əməliyyat zamanı həbs edilib.


Sizin Reklam Yeriniz