BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyi (FAO) yenidən dünyada ərzaq böhranının yaşana biləcəyi barədə xəbərdarlıq edib. Bəs bu böhranın Azərbaycana təsiri mümkündürmü?
Məsələ ilə bağlı Mövqe.az saytına məlumat verən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev ərzaq böhranının Azərbaycana da təsir edə biləcəyini dedi: "Ümumiyyətlə, bütün dünyadakı proseslərin hər bir ölkəyə təsiri var. Azərbaycan dünyaya açıq ölkədir. Azərbaycanın iqtisadiyyatı da, ticarəti də dünyaya açıqdır. Ona görə də Azərbaycana bu və ya digər dərəcədə təsiri olacaqdır. Bunlardan qorunmaqdan ötrü bizim özümüzün daxili siyasətimiz, strategiyamız olmalıdır. Cənab prezident son 4-5 ildəki bütün çıxışlarında ərzaq təhlükəsizliyi problemini önə çəkir. Bunu önləməkdən ötrü də Azərbaycanda müvafiq tədbirlər görülməlidir. Bununla bağlı dövlət proqramı qəbul edilib. Hər il büdcədən aqrar sahənin inkişafına ayrılan vəsait daha da artırılır. Fermerlərə müvafiq şərait yaradılır ki, milli daxili məhsul istehsalı yüksəlsin. Bunun digər təhlükəli cəhəti də geni dəyişdirilmiş məhsulların, kimyəvi preparatlar ilə çirklənmiş məhsulların ölkəyə daxil olması və yaxud da ölkə daxilində istehsalı da müəyyən problemlər yarada bilər. Bu saat dünyada, eləcə də Azərbaycanda ərzaq təhlükəsizliyi bir nömrəli problemdir. İş burasındadır ki, bütün dünyada əhali artır və artıq torpağı əvvəlki qaydada qidalandırmaq imkanları azalır. Ona görə də yeni texnologiyalar işlənir. Yeni texnologiyaların müsbət tərəfi məhsuldarlığı artırmaqdırsa, mənfi tərəfi də insan orqanizminə zərər verən kimyəvi pereparatlar ilə zəngin məhsulların istehsalına gətirib çıxartmasıdır. Amma Azərbaycanın mövcud torpaqları, mövcud təbii resursları imkan verir ki, biz 25 milyon əhalini rahat dolandıraq. Bizim daxili potensialımız kifayət qədərdir ki, biz öz ərzaq məhsullarımız ilə öz insanlarımızı təmin edək. Bundan ötrü həm daxili bazarı qorumaq, istehsalı artırmaq, həm də Azərbaycana idxal olunan ərzaq məhsullarının üzərində nəzarəti artırmaq lazımdır ki, onlar keyfiyyətli olsun, standartlara uyğun olsun.
Bu sahədə büdcədən ayrılan vəsait artırılıb. Bu sahədə fermerlərə dövlət dəstəyi gücləndirilir, vergi güzəştləri edilir. Bunların hamısı ölkənin daxili bazrını qorumaq siyasətinin tərkib hissəsidirdir. Ərzaq təhlükəsizliy ili bağlı gələn ilin büdcəsindən 500 milyonun ayrılması onu göstərir ki, dövlətin bu işdə marağı var. Sahibkarlığa kömək fondu vasitəsi ilə də əlavə investisiyalar qoyulacaq. Əsas məsələ Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasıdır".
Çinarə BƏHƏRÇİNLİ