Əhməd Qəşəmoğlu: "Bu gün elmimiz mühafizəkar yaşda olan insanların əlindədir"
Son illər Azərbaycanda elmin inkişafına dövlət qayğısının artması bu sahədə inkişaf tempinin yüksəlməsinə səbəb olmaqdadır. Elmə dəstək məqsədilə müvafiq fondun yaradılması, elmi layihələrin maliyyələşməsi dövlətin bu sahəyə diqqətinin göstəricisidir.
Lakin bütün qayğılara, dəstəklərə baxmayaraq ölkənin elm sektorunda müəyyən ciddi problemlər də qalmaqdadır. Söhbət gənclərin elmdən, elmi mərkəzlərdən uzaq düşməsindən gedir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə qurumun Elmi Şurasında çıxışı zamanı alimlərin orta yaş həddi ilə bağlı vəziyyəti "fəlakətli"adlandırıb. O bildirib ki, hazırda rəhbərlik etdiyi qurumda 30 elmlər doktoru, 97 elmlər namizədi var: "İnstitutun elmlər doktorlarının orta yaş həddi 73, elmlər namizədlərinin orta yaş həddi isə 61-dir. Bu fəlakətdir. Biz bu vəziyyətlə əlaqədar ölçü götürməliyik, Akademiyaya gənc kadrları cəlb etmək lazımdır".
AMEA-nın vitse-prezidenti AMEA-nın gəncləşməsi üçün təklifini də açıqlayıb: "Akademiyanın öz universitetinin və liseyinin yaranması üçün çox böyük zərurət yaranıb. AMEA-nın liseyi yaradılmalı, oradan universitetinə qəbul aparılmalı, buranı bitirən elmi kadrlar isə AMEA-ya cəlb edilməlidir".
Ekspertlər bildirirlər ki, respublikada elm sektorunda elmi kadrların qocalmasının kökündə maliyyə məsələləri durur. Sosioloq alim Əhməd Qəşəmoğlunun sözlərinə görə, yüksək ixtisaslı elmi kadrların qocalması iqtisadi proseslərlə birbaşa bağlıdır: "Elm iqtisadiyyatın güclü olduğu yerlərdə inkişaf edir. Ölkəni qabağa aparan, inkişaf etdirən onun alimləri deyil, biznesmenlər, sərmayədarlardır. Avropada elmin inkişafı iqtisadiyyatın inkişafından sonra yarandı. Böyük biznes sahələri yaranır və orada yeniliklərə ehtiyac yaranır. Daha böyük zirvələri fəth etmək üçün elmi texnologiyaya tələbat yaranır. Alimlər, mütəxəssislər onlara ödənilən vəsaitin qarşılığında elmi araşdırmalarını aparırlar. Elmin ən böyük naliyyətlərindən olan radio, televiziya, kompyüter, internet varlanmaq, hansısa əraziləri zəbt etmək istəyində olanların xəyallarının, sifarişlərinin gerçəkliyə çevrilməsidir.
Elmi sektorda elmi kadrlar arasında mütənasibsizliyin olması hər kəsə bəllidir. Elmlər doktorları və namizədlərinin sayı iqtisadi potensialımıza uyğun deyil. Alimlərin əksəriyyəti pensiya yaşındadır.
1600 elmlər doktorunun 65 faizinin yaşı 60-dan yuxarıdır. Qeyri-aktiv yaradıcı elmi kadrların sayının artması təhlükəli tendensiyadan xəbər verir. Araşdırmalar göstərir ki, aktiv elmi fəlaliyyət dövrü 25-60 yaş arasında olur. 60 yaşdan yuxarı insanlarla elmi yaradıcılıq məhsuldarlığı aşağı düşür. Deməli, bu gün elmimiz mühafizəkar yaşda olan insanların əlindədir. Necə etmək olar ki, bu sahədə gəncləşmə getsin? Bunun üçün ilk növbədə, məsələnin maliyyə tərəfi həll olunmalıdır. Gənclər arasında elmi ixtisaslara yiyələnənlərin əksəriyyəti elmi addan formal olaraq istifadə edirlər. İmkanlı şəxsin övladları bəzən əziyyət çəkmədən, kimlərinsə vasitəsilə elmi rütbələrə yiyələnir. Onların əksəriyyəti AMEA-nın üzvləri olsalar da, heç Akademiyanın binasına, digər elmi mərkəzlərə gəlmirlər, elmi iclaslarda iştirak etmirlər. Alim adına yiyələnənlərin əksəriyyəti biznes fəaliyyətilə məşğuldular, axırınca dəfə hansı kitabı oxuduqlarını unudublar. Bütün bunlarla yanaşı hesab edirəm ki, gəncləri elmə cəlb etmək mümkündür".
Ə.Qəşəmoğluya görə, gənc alimlərin təqaüdləri artırılmalıdır: "Təqaüdlər və tələblər artırılmalıdır. Köhnə sovet dövrünə əsaslanan metodologiya ilə işləməklə biz elmimizi inkişaf etdirə bilməyəcəyik. Mütləq qabaqcıl ölkələrin elm müəssisələrinin təcrübələrindən yararlanmaq lazımdır. Ən əsası gənc alimlərin biznes strukturları ilə əməkdaşlıqları güclənməlidir. Həmçinin təcrübə üçün xarici ölkələrə ezam olunmalıdılar. Əks təqdirdə AMEA-nın binası tarixi abidə kimi qalacaq".
R.QAÇAYOĞLU