"Bu gün Azərbaycanda iqtidar-müxalifət dialoqu meydanda
şəxslərarası münaqişə formasında yox, ideya mükaliməsi formasında
olmalıdır". Bunları "Azadinform"a müsahibəsində Ana Vətən
Partiyasının üzvü, millət vəkili Zahid Oruc bildirib. Onun
sözlərinə görə, müxalifət ultimatum formasında hərdən kimlərisə
debatlara dəvət edir və sanki bununla özlərinin sosial güclərini
nümayiş etdirmək istəyir. "Amma istənilən nəticə əldə olunmadı.
Çünki bu cür gurultulu bəyanatlar güc müəyyənləşdirmir", - deyə
Z.Oruc vurğulayıb. Deputatın fikrincə, əgər debat lazımi formada
baş tutarsa, iqtidarla müxalifət arasında kifayət qədər müzakirə
olunası mövzu var. "Ölkədə iqtisadi proseslərin gedişi, beynəlxalq
əlaqələr, regiondakı vəziyyət, Qarabağ məsələsinə münasibət, siyasi
konsensus və onun şərtləri, siyasi sistemin mükəmməl işləməsi üçün
birgə modellərin hazırlanması və sair. Gündəmdə kifayət qədər mövzu
var, yetər ki debatın niyyəti xoş olsun" - deyə o bildirib.