Növbəti prezident seçkilərində xalqın seçimi bəllidir
30 Noyabr 2011 13:53 (UTC+04:00)
Məlumat verildiyi kimi Xəzər İnformasiya Mərkəzi (Caspian
İnformation Centre) beynəlxalq sorğu təşkilatının keçirdiyi
sorğunun nəticələrinə görə, ölkə əhalisinin 95 faizi prezident
İlham Əliyevə etimad göstərir. Təşkilatın rəhbəri Cerald Frost
sorğunun Azərbaycanı tam əhatə etdiyini söyləyib.
O qeyd edib ki, sorğu 2011-ci ilin sentyabrında 1000 respondent
arasında keçirilib: "Sorğuda iştirak edən respondentlərin böyük
hissəsi - 95 faizi prezident İlham Əliyevi dəstəklədiyini, 96 faizi
onun yürütdüyü siyasətin uğurlu olduğunu söyləyib, ona etibar
etdiyini deyib. Respondentlərin 79 faizi ölkədə proseslərin yaxşı
istiqamətdə getdiyini desə də onların 40 faizi iş tapmağın
çətinləşdiyi qənaətində olduğunu söyləyib".
Millət vəkili Zahid Oruc bununla bağlı bildirir ki, Xəzər
İnformasiya Mərkəzi beynəlxalq nüfuza malik bir təşkilatdır: "Bu
mərkəz təkcə sorğu keçirməklə deyil, həm də ciddi tədqiqatlar
aparan bir qurumdur. Onun tədqiqatları, sorğuları nüfuzlu
beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur. Xəzər İnformasiya
Mərkəzi daha öncə Qazaxıstanda prezident seçkiləri öncəsi sorğu
keçirib ki, nəticələr digər beynəlxalq təşkilatlar tərəfindən
birmənalı şəkildə qəbul olunur. Ona görə də hesab edirəm ki, Xəzər
İnformasiya Mərkəzinin Azərbaycanda keçirdiyi sorğu obyektivliyi
əks etdirir".
Z.Orucun sözlərinə görə, hətta Xəzər İnformasiya Mərkəzi sorğu
keçirməsə belə, prezident İlham Əliyevin təkcə Azərbaycanda deyil,
beynəlxalq arenada dəstəklənən lider olması şübhəsizdir: "İlham
Əliyev bu gün ölkədə ən yüksək reytinqə malik siyasətçi olmasını
qətiyyən təəccüblə qarşılamadım. 2003-cü ildə prezident seçiləndən
bu günə İlham Əliyev Azərbaycan xalqının milli maraqlarına qarşı
heç bir qərar qəbul etməyib, əksinə bu maraqların təmin edilməsinə
çalışıb. Hətta "WikiLeaks" təşkilatının açıqladığı məxfi
yazışmalarda da görünür ki, prezident İlham Əliyev ABŞ diplomatları
ilə görüşdə onları Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı
qərəzli mövqe tutmaqda ittiham edir. Prezidentin yürütdüyü
iqtisadi, sosial siyasət, xarici siyasi kurs birmənalı şəkildə
xalqın maraqları ilə üst-üstə düşür. Hesab edirəm ki, Azərbaycan
xalqı 2013-cü il prezident seçkilərində birmənalı şəkildə
Azərbaycan prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcək.
Düşünürəm ki, bu gün Azərbaycan prezidentini Azərbaycan xalqının
95-96 faizi deyil, 100 faizi dəstəkləyir".
Zahid Oruc onu da bildirdi ki, Xəzər İnformasiya Mərkəzinin
keçirdiyi sorğunun nəticələri eyni zamanda ölkə müxalifətinin,
xüsusilə də radikal müxalifətin durumunu açıq-aydın göstərir: "Bu o
deməkdir ki, radikal müxalifəti xalq dəstəkləmir. Tək-tük adamlar
tapılar ki, radikal müxalifətin tərəfində olsun. Bu da korrupsiya,
yarıtmazlıq və digər ittihamlarla vəzifədən uzaqlaşdırılmış şəxslər
ola bilər. Tam əminliklə bildirirəm ki, hazırda Azərbaycan
müxalifətindəki insanların əksəriyyəti prezident İlham Əliyevin
siyasətini dəstəkləyir. Ayrı-ayrı müxalifətçilər mənimlə
söhbətlərində bildirirlər ki, Azərbaycanda xarizma, bacarığına görə
İlham Əliyevə çatan siyasətçi yoxdu. Sadəcə, abırlarına qısılıb
müxalifəti tərk etmək istəmirlər".
Millət vəkilinin qənaətincə radikal müxalifət liderlərinin xalq
tərəfindən dəstəklənməməsinin bir neçə səbəbi var: "Əsas səbəb odur
ki, radikal müxalifət liderləri hakimiyyətə qarşı barışmaz
mövqedədilər. Aparılan bütün siyasəti tənqid edirlər. Sanki
hakimiyyət hər gün bütün sahələrdə səhv buraxır. Onlara inansaydıq
bu gün Azərbaycanın çökdüyünü görərdik. Amma bunun əksi baş verir.
Ölkədə siyasi sabitlik hökm sürür. Mədəniyyət, diplomatiya
sahəsində uğurlar bir-birinin ardınca gəlir. Dövlət büdcəsi,
əhalinin maaşı, pensiyalar hər il artan xətlə davam edir. Bir
tərəfdə hər gün uğurlara imza atan siyasətçi İlham Əliyev var.
Digər tərəfdə isə daim uduzan, intriqalara meyil edən, pessipist
ruhlu müxalifət lideri. Belə olanda xalqın seçiminin İlham Əliyev
olması təbiidir".
Ruslan Qaçayoğlu