İlhamə Quliyeva: “Nazpəri yüksək rütbəli dövlət məmuruna böhtan atır”

4 Mart 2013 12:46 (UTC+04:00)


"Mən, İlhamə Quliyeva, ictimaiyyətə çatdırmaq istəyirəm ki, əgər Nazpəri Dostəliyevanın cəfəngiyyat məktubunda cənab Prezidentin və xanımı Mehriban Əliyevanın adı çəkilməsəydi, heç bir zaman ona reaksiya verib, şərəfləndirməzdim. Bir halda ki, Nazpərinin olmayan statusu bu addıma icazə vermir, dövlət başçısına, xanımına və xalqıma hörmətimdən, sayqımdan, sadiqliyimdən münasibətimi bildirmək istəyirəm. 


Öncə onu bildirim ki, Nazpəri Dostəliyeva öz acınacaqlı vəziyyətini sığortalamaq üçün bu cəfəngiyyata, yalan, həqiqətə uyğun olmayan fikirlərə əl atıb. 2012-ci ilin dekabr ayında bu ifaçı ATV kanalının "Onlar" verilişində məni təhqir edərək, şərəf və ləyaqətimi ləkələməyə cəhd göstərib. Hədsiz dərəcədə tərbiyəsizlik nümayiş etdirərək məni təhqir və parodiya edib. Daha sonra "Space" kanalında yaradıcılığımın benefisi keçirilən verilişdə mənim ifadələrimi, jestimi, ümumiyyətlə, həmin verilişdə nə danışmışamsa, onları ifrat dərəcəsində ələ salaraq, sanki efirdən üstümə qışqıraraq, "sən kimsən? Sən nəçisən? Sənin nə səsin var, nə də sənətin, mənim sənə yazığım gəlir və s." bu kimi ifadələr işlədib. İndi sual verirəm; yazıq kimdir və kimə yazığı gəlir? 


Nazpəri bir müddət əvvəl "Lider" kanalının "Solo" verilişində yenə də ifrat dərəcədə iç dünyasını nümayiş etdirib. Ünvanıma o ki var təhqiramiz fikirlər səsləndirib. Həmin verilişdə canlı ifa zamanı "xoruz" buraxaraq özünü biabır edib və oxumasını yarımçıq dayandırıb. Sizcə, səsi və sənəti olmayan kimdir? Dəfələrlə Nazpəri mənə qarşı hörmətsizlik edib. Hər dəfə məni görəndə yaxınlaşaraq, boynumun ardından, saçımdan öpüb və "siz məni sevsəz də, sevməsəz də, öpəcəm, sizi istəyəcəm"-deyib. Bu olaylar bir neçə insanın gözü qarşısında olub. Ümumiyyətlə, Nazpəri hər zaman dilinin bəlasına düşüb, başından böyük hərəkətlər edərək çaşıb, səhvlərə yol verib. Açıqlamağa biabırçı məsələlər və faktlar çoxdur. Hələ ki, şəxsiyyətimə, sənətimə, statusuma yaraşdırmayıb, susuram. Ona görə də daxili işlər naziri, general-polkovnik Ramil Usubov cənablarına ərizə ilə müraciət elədim. Həmin ərizə ilə bərabər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə Nazpəri Dostəliyevanın kanallarda məni təhqir elədiyi çəkiliş disklərini də təqdim etmişəm. Cənab nazir adıçəkilən idarənin rəhbərliyinə göstəriş verib ki, ərizəni araşdırsınlar və nəticəsini nazirə məruzə eləsinlər. 


Nazpəri mənə şər atır ki, guya bir neçə xalq artistləri ilə mənim münasibətim pisdir. Bu, ağ yalandır. Əslində o, bu addımı atmaqla kampaniya yaratmaq fikrinə düşüb. Adları çəkilən sənətçilərdən birini çıxmaq şərti ilə - bu, Məleykə Əsədovadır, onu da məsuliyyətə cəlb etdirəcəm - hamısıyla dostam və mənim ətrafımdadırlar. 

Nazpəri bir zamanlar xalq artisti Brilliant Dadaşova ilə də çəkişirdi, guya Brilliant onun qoşa-nağara çalanı olub. Ancaq nəticə Nazpərinin ondan üzr istəməsilə bitdi. 


Mədəniyyət aləmində hamı bilir ki, mən onlarla gəncin sənətə gəlməsinə yardımçı olmuşam. Vaxtilə nəhəng Fikrət Əmirov səsim üçün silsilə əsərlər bəstələmişdi. Mən Rəşid Behbudov,Tükəzban İsmayılova, Həbib Bayramov akademiyası görmüşəm. Soruşuram, Nazpəri, sən kimi görmüsən? Hansı bəstəkar sənin üçün bir mahnı yazıb? Bacın Zeynəb Dostəliyeva səndən yaxşı oxuyur deyə onunla da bir zamanlar dalaşırdın. Sənətdən danışmağa haqqın yoxdur. Dəfələrlə Azərbaycan bayrağını başqa ölkələrdə göylərə qaldırmışam. Nazpəri qurban olsun Səyavuş Kərimiyə ki, onu Biləcəridən o yana aparıb. 


Nazpəri deyir ki, guya "Space" kanalında ona qadağa qoydurmuşam. Halbuki bu yaxınlarda İlham Mirzəyevin "Etiraf" verilişində "hopstop" oynayırdı. Nazpəriyə tələbat yoxdur və buna görə də onu efirə dəvət etmirlər. Guya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov mənim dostumdur. Nazpəri bu yazısıyla yüksək rütbəli dövlət məmuruna - polis, general-mayora böhtan atır və buna görə də məsuliyyət daşıya bilər. Əslində isə Mirqafar Seyidov bütün Azərbaycan xalqının asayişini qoruyan, hamının dostudur. Üstəlik mən ərizəmi cənab nazir Ramil Usubova təqdim etmişəm. Mənə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng edib təklif etdilər ki, bizi görüşdürsünlər və barışıq olsun. Lakin mən buna qəti surətdə razılıq vermədim. Çünki belə çaşqınlığı dəfələrlə bağışlamışam. İndi bu fikirdən vaz keçirəm. 

Nazpəri böyük oğlunun toyunda mənə zəng elədi və toy mərasiminə dəvət edib dedi ki, istəyirəm süfrəmizin başında böyük sənətkarımız əyləşsin. Lakin mən o toy məclisinə getmədim. Nazpəri toy məclislərinin birində gəldi, güclə yanımda əyləşdi, öpüb, qucaqlayıb dedi: "İki balam ölsün, bizim aramıza girən var, mən sizin haqqınızda heç bir pis fikir söyləməmişəm". Həmin məclisdə mənimlə şəkil çəkdirib elə həmin anda "lent.az" saytına yerləşdirmişdi. Bağışlamaq Allahdan qalıb. Dəfələrlə bağışladım və yenə də eyni səhvi etdi. 


Bilmək istəyirəm, Nazpəri Dostəliyeva məndən - iki dövlətin xalq artisti, ulu öndərimizin təltif etdiyi Şöhrət ordenli, Dünya sülh səfiri, Cenevrədə BMT-in İdarə Heyətinin fəxri üzvü, Vətən mükafatı laureatı, Dünya Azərbaycanlıları Konqresi Birliyinin Mədəniyyət Akademiyasının prezidentindən nə istəyir? 


Əgər bir şey ürəyindən keçirçə, alım göndərim. Bunun haqqı varmı mənim kimi toxunulmaz statuslu sənətkarın ünvanına belə biabırçı addımlar atsın? Kimə arxalanır? Mən yarım əsrdir bu dövlətə, bir dövlət başçısına, Vətənimə, xalqıma xidmət edirəm. Mənim statusumda olan hər bir Azərbaycan vətəndaşı toxunulmazdır. Nazpəri, sənin öz yerin var, mənim öz yerim - otur yerində... Azərbaycan iri addımlarla addımlayan, çiçəklənən bir ölkədir. Və hamı Bakıda bir-birini çox gözəl tanıyır. Yaşdan çox danışırsan, Allah saxlasın, iki oğul övladın var. Böyük oğlun 40 yaşını keçib, artıq nənə də olmusan. Bu qədər yaşdan danışırsan, ayıb deyilmi? Yenə deyirəm, sənin yaşın hər kəsə bəllidir. Əgər sussan, bu, sənin xeyrinə olar. Mən bu təhqirlərdən vaz keçən deyiləm, sona qədər bu məsələ öz hüquqi yerini tapmalıdır. Ağıllı ol, sənin ünvanıma təhqiramiz fikirlərinin çəkilişi mənim əlimdə və mühafizə orqanlarındadır. Mən bu işi boş buraxan deyiləm. Bundan sonra kim belə çaşqınlığa, azqınlığa yol versə, onları da sənin aqibətin gözləyir. 


Mən bir Azərbaycan vətəndaşı olaraq, dövlətimizin inkişafı naminə yorulmadan uğurlu daxili, xarici siyasət yürüdən ölkə başçımız İlham Əliyev cənablarını bütün varlığımla dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyəm. Qarşıdan gələn Prezident seçkilərində ən layiqli namizəd kimi İlham Əliyevin təbliğat kampaniyasında bir əsgər kimi mən də varam".