Dərslik müəllifləri üsyana qalxdılar
4 Mart 2013 15:33 (UTC+04:00)
4-cü sinif üzrə 3 dərsliyin - "Azərbaycan dili", "Riyaziyyat" və
"Həyat bilgisi" dərsliklərinin müəllifləri Movqe.az vasitəsilə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) cavab
veriblər. Sözügedən dərsliklərinin tədrisdə istifadəsinin
məqsədəuyğun hesab edilməməsi barədə TQDK-nın iradlarına
dərslik müəlliflərinin münasibəti belə olub. 4-cü sinif "Azərbaycan
dili" dərsliyinin əsas müəllifi Rafiq İsmayılov TQDK-da dərslikləri
qiymətləndirənləri "testoloqlar" adlandırıb: "Ümumiyyətlə adam bir
iş görür ki, faydası olsun. Amma nə TQDK-nın dərsliklərlə
bağlı hazırladığı rəylərin, nə dəki biz müəlliflərin boş yerə vaxt
itirərək onlara cavab üçün yazdığımız rəylərin heç kəsə faydası
yoxdur. TQDK-nın ekspertləri "Azərbaycan dili"dərsliyi
ilə bağı əsassız iradlar bildiriblər ki, o iradların 4-cü sinif
şagirdlərinə heç bir dəxli yoxdur. İrad tutublar ki, əsgər marşının
müəllifini səhv göstərmisiniz. Ümumiyyətlə bu məsələ həmişə
mübahisəli olub. Gah deyirlər bu marşın müəllifi Əli Kamidir, gah
da deyirlər Əhliyyat Süleymanovdur. Bir mübahisə bununla bağlıdır.
Digər irad isə maddiyyatın önə çəkilməsidir. TQDK bizi qınayır ki,
niyə pulla bağlı məsələləri önə çəkirik. Digər tərəfdən isə bizə
məsləhət görülür ki, kiçik yaşlarından uşaqlara pulun əhəmiyyətini,
onu xərcləmək barədə marifləndirək. Biz də mətnlərdə puldan
qənaətlə xərcləməyi təlqin edən tapşırıq vermişik. Digər tapşırıqda
iki qardaşdan birinin qənaət edərək daxılında saxladığı pulu dərman
şüşəsini qıran uşağa verməsi ilə həm puldan qənaətli istifadənin
faydasını, həmçinin də humanistliyi təbliğ etmişik. TQDK bunu da
səhv hesab edir. Dil qaydaları ilə bağlı çox yalnış iradlar
bildiriblər. Biz dərslikləri məzmun standartlarına uyğun
hazırlamışıq. Hansı ki, həmin dərsliklər 44 meyara əsasən
qiymətləndirilib. Amma TQDK 3 parametri əsas tutur. Bunlar məzmun,
dil-üslub və bədii tərtibad dizayndır. Halbuki, bu parametrlərin
hərəsinin altında 10 meyar dayanır. TQDK bunları nəzərə
almayıb. Ümumiyyətlə TQDK-nın iradlarının demək olar ki,
mütləq əksəriyyəti əsassız test nöqteyi nəzərindən baxılıb
qiymətləndirilib. Testoloqlar yığışıb dərsliklərlə bağlı rəy
hazırlayıblar. Nə var, nə var testdə bu belə göstərilməyib.
Halbuki, dərsliklərin qiymətləndirilməsində iştirak edənlər dərslik
sahəsində təcrübəsi olan ən sanballı adamlardır. Dərsliklərin
Qiymətləndirmə Şurasında bu sahənin "qaymaqları" təmsil olunur.
Yerdə də elələri qalıb ki, onlar bu sahədə elə də təcrübəli,
sanballı şəxslər sayılmırlar, onlar da TQDK-ya yığılıb".
4-cü sinif "Riyaziyyat" dərsliyinin əsas müəllifi Nayma
Qəhrəmanova isə TQDK-nın ittihamları ilə qəti surətdə razı
olmadığını bildirdi: "TQDK iddia edir ki, dərslik təhsil
proqramını (kurikulumu) tam əhatə etmir, proqramdan çoxlu sayda
kənaraçıxmalar var. Birinci irad, dərsliyin təhsil proqramını
(kurikulumu) tam əhatə etməməsi tamamilə yalnışdır, heç bir əsası
yoxdur. Buna sadəcə dərsliyi vərəqləməklə də əmin olmaq olar.
Proqramdan kənara çıxmaq isə kirikulumun tətbiqi ilə yeni
yanaşmanın gətirilməsi ilə bağlıdır. TQDK- irad bildirir ki,
uşaqlara toplama, çıxma əməlləri yerinə yetirilərkən ədəd oxunun
tətbiqi yolverilməzdir. Amma bütün dünyda dərsliklərdə bu üsul
istifadə olunur. Uşaq bu əməlləri vizual olaraq yerinə
yetirəndə daha tez qavrayır. Tutaq ki, biz tapşırıq veririk
ki, beşin üstünə 3 gəlinsin. Bu tapşırığı konkret həndəsi fiqurla
yaxud şəkillə verdikdə uşaq daha tez qavrayaraq həll edir. Biz bu
tapşırığı belə veririk 5 gül üstə gəl 6 gül. Uşaq gülləri sayaraq
üst-üstə gəldikdə hansı rəqəmin alındığını həm görür, həmçinin
deyir. Ümumiyyətlə TQDK-nın dərsliklərlə bağlı rəyi hazırlandıqda
çox arzulanandır ki, bu zaman ümumi təhsilin inkişafı nəzərə
alınsın. Ədalətli baxış olsun".
4-cü sinif "Həyat bilgisi" dərsliyinin müəllifi Bahar Kərimova
isə dərsliyin onun subyektiv mülahizələrinə əsaslandığı ilə
bağlı iradın yalnış olduğunu bildirdi: "Dərsliyin subyektiv olaraq
mənim öz fikirlərindən ibarət olduğunu söyləmək yolverilməzdir. Mən
hazırda TQDK-ya cavab hazırlayıram".
Qeyd edək ki, TQDK respublikanın ümumtəhsil məktəblərinin 4-cü
sinifləri üçün "Azərbaycan dili" dərslik komplekti ilə bağlı
TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində
bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla
formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası qərara alıb ki,
"Azərbaycan dili 4" dərsliyinin (müəlliflər: R. İsmayılov, S.
Abdullayeva, D. Cəfərova, X. Qasımova) respublikanın ümumtəhsil
məktəblərində istifadəsi məqsədəuyğun hesab edilmir və dərslik
yenidən hazırlanmalıdır.
Ekspert Şurasının qərarında qeyd olunur ki, "Azərbaycan dili"
dərsliyin məzmununda, dil qaydalarının, oxu materiallarının
təqdimində, seçimində qüsurlar özünü göstərir. Bir çox məqamlarda
orfoqrafiya və durğu işarələri ilə bağlı yanlışlığa yol
verilib. 4-cü sinifdə dil qaydaları az olsa da, qənaətbəxş və
nizamlı deyil, bir çox hallarda lazımsız qaydalar verilib. Mətnlərə
aid tapşırıqlar Azərbaycan dili üzrə məzmun standartlarının
reallaşmasına ciddi kömək etmir. Dil qaydalarının müvafiq nitq
bacarıqlarına çevrilməsi yoxdur. Dərslikdə tez-tez pulla bağlı
humanistlik mövzusuna müraciət olunur. Rəydə bildirilir ki,
maddiyyat məsələlərinin bu qədər qabardılması məqsədəuyğun deyil.
Bir neçə məqamda isə illüstrasiyalar münasib sayılmayıb.
"Riyaziyyat" dərsliyində qeyd olunur ki, dərslik təhsil proqramını
(kurikulumu) tam əhatə etmir. Proqramdan çoxlu sayda kənaraçıxmalar
var. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir
çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə
alınmayıb. Dərslikdə riyazi terminlər harada gəldi və təhrif
edilmiş şəkildə verilib. Dərsliyin Azərbaycan və rus variantlarında
xeyli uyğunsuzluqlar var. Elə təəssürat yaradır ki, bunlar sanki
ayrı dərsliklərdir. Dərslikdə çoxlu sayda struktur xətaları var.
Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var.
Dərsliyin tərtibatı nöqsanlıdır".
Qərarda "Həyat bilgisi" dərsliyindəki çatışmazlıqlar da öz əksini
tapıb: ""Həyat bilgisi" dərsliyi rəsmi dövlət sənədlərinə – tədris
planına və fənn kurikulumuna uyğun hazırlanmadığına, müəlliflərin
subyektiv mülahizələrinə əsaslandığına görə standartlarda təsbit
olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri onun əsasında
formalaşdırmaq praktiki cəhətdən qeyri-mümkündür". Dərsliyə çoxlu
sayda iradlar bildirilib və onlar müəlliflər tərəfindən qəbul
olunmayıb. TQDK artıq dərsliklərə dair yekun rəyi bu gün Təhsil
Nazirliyinə göndərib.