Azərbaycanda pulsuz peşə təhsili məhdudlaşdırılır
4 Mart 2013 16:51 (UTC+04:00)
"Azərbaycanda peşə təhsili müəssisələrində şagirdlər yalnız bir
dəfə dövlət hesabına, yəni pulsuz təhsil ala biləcəklər". Bunu
Movqe.az-a Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədov deyib.
Onun sözlərinə görə, bu məsələ peşə təhsili müəssisələri ilə bağlı
yeni hazırlanmış nizamnamədə öz əksini tapıb. Artıq nazirlik
nizamnaməni Nazirlər Kabinetinə təqdim edib və sənədə bütün müvafiq
dövlət qurumlarının rəyi alınıb. Nazirlər Kabinetinin nizamnaməni
bu yaxınlarda təsdiqləyəcəyi gözlənilir.
Məmmədov deyib ki, indiyə qədər peşə təhsili müəssisələrində
şagirdin dövlət hesabına təhsil alması ilə bağlı heç bir
məhdudiyyət yox idi.
Nazirlik rəsmisi peşə təhsili müəssisələrində təhsil alan şagirdlər
üçün belə məhdudiyyətin qoyulmasını iki əsas amillə izah edib.
O, bunun səbəblərindən biri kimi son illərdə peşə məktəblərinə
marağın artmasını göstərib. Digər amil isə bəzi şagirdlərin,
xüsusən qaçqın və ya müəyyən müavinət alan uşaqların sui-istifadə
hallarına yol verməsi ilə bağlı olub.
Məmmədov deyib ki, belə şəxslərə Dövlət Sosial Müdafiə Fonduna
təqdim etmək məqsədilə harada oxuması və işləməsi ilə bağlı arayış
lazım olduqda onlar ən yaxşı yolu peşə məktəbində oxuması haqqında
arayış almaqda görürlər.