Siqaretin qiyməti yenidən qalxacaq?!

5 Mart 2013 10:24 (UTC+04:00)

Məlumdur ki, keçən ayın əvvəlindən etibarən Bakı şəhərinin pərakəndə ticarət obyektlərində siqaretlərin qiymətində artım müşahidə olunub.  Satış məntəqələrində həm yerli istehsal, həm də idxal olunan bütün növ siqaretlərin 1 qutusu 10-20 qəpik bahalaşıb. Halbuki, ölkədə tütün məmulatlarının cəlb edildiyi aksiz vergilərinin dərəcəsində siqaretin bahalaşmasına səbəb olacaq dəyişiklik baş verməyib. Yəni, hazırda ölkəmizdə tütün məmulatlarına tətbiq edilən aksiz vergisi 12.5%, mənfəət vergisi 20% və ƏDV də 18% olaraq qalır. 

Belə bir vaxtda isə əksər mağaza satıcıları siqaretin qiymətinin yenidən qalxacağına dair fikirlər səsləndirməkdədirlər. Baş çəkdiyimiz bir neçə mağazada satıcılar bahalaşma olacağını təsdiqlədilər. Lakin hansı səbəbdən siqaretin qiyəmtinin yenidən qalxacağı və buna rəvac verən amillər barədə  hansısa konkret fikir səsləndirmədilər. 


Ancaq xatırladaq ki, "Azərbaycan Respublikasının 2011-2015-ci illər üçün tütünlə mübarizə üzrə Milli Strategiyası"nda qeyd edilir ki, ölkəmizdə tütün məmulatları üzrə vergilər 2013-cü ildən etibarən 50 faiz qaldırılacaq. Qeyd olunduğu kimi isə artıq indidən şəhərdə satıcılar arasında yenidən tütün məhsullarının qiymətinin qalxacağı barədə şayələr var. Amma iqtisadçı ekspert Vüqar Bayramov bu şayələrin yaxın aylar üçün real olmadığını bildirir: "Bakıda bir ay öncə siqaretin qiymətinin yüksəlməsi dünya bazarında siqaretin qiymətinin artmı ilə bağlı idi. Siqaret elə bir məhsuldur ki, onun qiymətinin yüksəlməsi əksər ölkələrdə mütəmadi olaraq müşahidə edilir. Bu, eyni zamanda ölkə daxilində bazarın xüsusiyyətindən doğan bir məsələdir. Nəzərə alsaq ki, siqaretin ölkəyə gətirilməsi və istehsalına tətbiq edilən vergilər dəyişməyib. Xərclərin artmamasına baxmayaraq qiymət artımları baş verib. Maraqlıdır ki, siqaretdəki qiymət artımları daha çox pərakəndə satışda olub. Pərakəndə qiymətlərin artması onunla bağlıdır ki, bazardakı digər məhsulların qiymətinin artımına uyğun olaraq siqaretin qiymətində də müəyyən artımlar edirlər". Ekspert bildirir ki, bu ilin ilkin aylarında dünya bazarında  da qiymət artımı müşahidə olundu: "Belə ki, ABŞ –da siqaretin qiyməti 6% yüksəlib. Bu, həm siqaret istehsalı üçün istifadə olunan xammalın qiymətinin yüksəlməsi ilə, həm də digər məhsullarda olan qiymət artımlarına uyğun olaraq tənzimlənən qiymətlərlə əlaqədardır. Ümumiyyətlə, siqaret müəyyən qədər məcburi xarakter daşıdığı üçün, onun qiymətindən asılı olmayaraq alırlar. Ona aludə olmuş insan hətta bəzi xərclərini təxirə salsa  belə, siqaret xərcini təxirə salmır. Bu da siqaretin qiymətinin dövrü olaraq artmasını göstərən səbələrdən biridir"

Vüqar Bayramov bildirir ki, dünya bazarında qiymətlər tənzimlənib: "Ona görə də yaxın aylarda iqtisadi baxımdan qiymət artımları real deyil. Amma siqaretin qiymətində dövri artımlar olur. Həm də onun satışının məcburiliyi baxımından güman olunur ki, ümumilikdə 2013 – cü ildə qiymət artımları olacaq".

Digər iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, ilkin bahalaşmanın da elə bir iqtisadi əsası yox idi: "Halbuki, normal iqtisadi münbasibətlər çərçivəsində hər hansı bir qiymət bahalaşmasının müəyyən bir səsəbi olmalı idi. Bu, ya xammalla, ya da sərf olunan əməyin bahalaşması ilə bağlıdır. Amma ümumiyyətlə, belə bir açıqlamalar olmadı. Ona görə də gələcəkdə də hər hansı bir qiymət artımının ola biləcəyi və yaxud da olmayacağı haqqında indidən fikir söyləmək çətindir. Çünki, Azərbaycanda qiymətin formalaşmasında bazar münasibətləri, tələb - təklif prinsipi ilə bərabər digər amillər də var. Ona görə də indidən nəsə fikir söyləmək çətindir. Nəzərə alsaq ki, Azərbaycan hökuməti özü də elan edib ki, bu il inflyasiya səviyyəsi keçən illərə nisbətən daha da yüksək olacaq. Yəni, bu il xərcləmələr artacaq. Ona görə də inflysiya səviyyəsini nəzərə alaraq, ola bilər ki, bütün məhsulların qiymətində müəyyən dəyişiklik olsun. Bu da ehtimal çərçivəsindədir".

Ekspert bildirir ki, burada bahalaşma tək pərakəndə satışda olmayıb: "Pərakəndə satışın da bahalaşmasının əsas səbəblərindən biri də ondan ibarətdir ki, satışa çıxarılan məhsullar yalnız bir neçə nöqtədən paylanılır. Çox güman ki, həmin paylayıcı şirkətlərin işçilərinin əmək haqlarında artım olub. O artımı da  pərakəndə satışın qiymət artımı ilə kompensasiya etmək istəyiblər. Pərakəndə satışla məşğul olanların böyük bir hissəsi də ya siqaret istehsalçılarından, ya da ölkəyə siqaret gətirən şirkətlərə bağlıdır".