Əcnəbinin qeydiyyatının məsuliyyəti hüquqi şəxslərin üzərinə düşəcək
5 Mart 2013 17:46 (UTC+04:00)
Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
qeydiyyatı sadələşdirilib. Milli Məclisdə bu gün keçirilən plenar
iclasında "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında"
qanuna, Əsasnaməyə, eyni zamanda, "Azərbaycanda daimi yaşayan
vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30
gundən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında
Əsasnamə"yə dəyişikliklər müzakirə olunub. Əgər indiyədək
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı gələn
şəxsin üzərinə düşürdüsə, dəyişikliyə əsasən, qeydiyyat məsələsi
qəbul edən tərəfin üzərinə qoyulur. Sənəd barəsində məlumat verən
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
bildirib ki, bu artıq Miqrasiya Xidməti və digər aidiyyəti dövlət
qurumları arasında həyata keçirilir və bununla da əcnəbi və
vətəndaşlığı olmayanların qeydiyyatı asanlaşdırılır. Azərbaycan
Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Dəyişikliyə əsasən,
Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs mehmanxanaya, sanatoriyaya, istirahət evinə,
pansionata, kempinqə, turist bazasına, xəstəxanaya, digər belə
ictimai yerə, mənzilə, başqa yaşayış sahəsinə gəldikdə həmin yerin
müdiriyyəti və ya yaşayış sahəsinin sahibi 3 iş günü ərzində
əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi
və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsilə
və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal
əcnəbini olduğu yer üzrə qeydiyyata alır və bu barədə 48 saat
ərzində qəbul edən tərəfə məlumat verir.
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, bu
dəyişiklik Azərbaycanda müvəqqəti, yəni 30 gün ərzində yaşayanların
qeydiyyatı ilə bağlı problemi həll etməklə yanaşı, onlarla bağlı
lazımi informasiyanın aidiyyatı qurumlara ötürülməsini də
asanlaşdıracaq: "Hazırda əcnəbilərin qeydiyyatı 3 formada
aparılır. Qeydiyyatda olduqları yer üzrə, daimi yaşadıqları
yer üzrə və müvəqqəti yaşadıqları yer üzrə. Bu dəyişiklikdən sonra
ölkəyə müvəqqəti gələn əcnəbinin qeydiyyatının məsuliyyəti hüquqi
şəxsin üzərinə düşəcək. Yəni indi kirayəkeş əgər əcnəbini evində 30
gün kirayə saxlayırsa bu barədə aidiyyatı quruma özü məlumat
verməlidir. Bu məlumat telefonla, yaxud yazılı olaraq yaşadığı
ərazi üzrə polis bölməsinə göndərilə bilər".
Ə. Əliyev xarici ölkələrin təcrübəsində də ölkəyə gələn əcnəbilərlə
bağlı məlumatı əcnəbini qəbul edən tərəfin aidiyyatı quruma
ötürdüyünü söyləyir. Onun sözlərinə görə, azərbaycanda bu
qanunvericilikdə "müvəqqəti olma" adlanır: "Yəqin ki, bu
dəyişiklikdən sonra ölkədə müvəqqəti yaşayan şəxslərlə bağlı
məlumatın MTN və sair orqanlar tərəfindən araşdırılması qaydaları
da qanunla tənzimlənəcək".