Bağça müdirəsi cinayət başında necə yaxalandı?

6 Mart 2013 13:40 (UTC+04:00)

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi vəzifəli şəxsin qanunsuz əməlləri ifşa etmişdişdir. Bu barədə Mövqe.az-a Baş prokurorluqdan məlumat verilib.

Məlumarda bildirilib ki, Xırdalan şəhər 17 saylı uşaq bağcasının direktorunun qanunsuz hərəkətləri barədə şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Müəyyən edilib ki, bağcanın direktoru Lalə Əmirova xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Xırdalan şəhər sakininin azyaşlı qızının bağçaya qəbul olunmasına görə 200 manat məbləğində pul tələb edib, həmin məbləğin 100 manatını 2012-ci ilin dekabr ayında azyaşlının bağçaya qəbul edilməsi üçün zəruri olan sənədlərlə birlikdə rüşvət kimi alıb.

L.Əmirova cinayətkar əməllərini davam etdirərək 4 mart 2013-cü il tarixdə xidməti otağında 60 manat məbləğində pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Baxış zamanı L.Əmirovanın üzərindən rüşvət kimi aldığı 60 manat, şəxsi pul kisəsindən 1.494 manat və 40 avro məbləğində pul, xidməti otağından digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

L.Əmirova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.