Baş Prokurorluğun bu gün yaydığı məlumata görə, prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi Xırdalan şəhər 17 saylı uşaq bağcasının direktorunu rüşvət alarkən yaxalayıb. Müəyyən edilib ki, bağcanın direktoru Lalə Əmirova xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Xırdalan şəhər sakininin azyaşlı qızının bağçaya qəbul olunmasına görə 200 manat məbləğində pul tələb edib, həmin məbləğin 100 manatını 2012-ci ilin dekabr ayında azyaşlının bağçaya qəbul edilməsi üçün zəruri olan sənədlərlə birlikdə rüşvət kimi alıb. L.Əmirova cinayətkar əməllərini davam etdirərək 4 mart 2013-cü il tarixdə xidməti otağında 60 manat məbləğində pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. L. Əmirova rüşvət alarkən yaxalanan bəlkədə ilk bağça müdirəsi olsa da, məktəbəqədər təhsil müəssisəsi rəhbərlərinin bağçaya uşaq qəbul edərkən rüşvət alması demək olar ki, adi hala çevrilib. Bağçada qruplarda yer olmamasını bəhanə edən bağça müdirləri bu yolla valideynlərdən pul alaraq uşaq qəbul edirlər. Valideynlər bağçaların Təhsil Nazirliyinin balansından alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) BŞİH nəzdində verilməsi ilə bu problemin həll ediləcəyinə ümid etsələr də, hələki uşaqların dövlət bağçalarına pulla qəbulu problem olaraq qalır. BŞİH-nin nəzdində yeni yaranan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin səlahiyyətlisi Oqtay Quliyev isə deyir ki, belə hal olarsa valideynlər idarəyə müraciət edə bilərlər: "Əgər hansısa valideynə bağçada yer olmadığı bəhanəsi gətirilib bu yolla rüşvət alınırsa, bu zaman valideyn baş idarəyə şikayət edə bilər. Biz araşdıracağıq görək, bağçada yer var yoxsa yox. Çünki bütün bağçalarda uşaqların sayı ilə bağlı bizdə məlumat var. Bu zaman üzə çıxacaq ki, direktor yer olmamasını bəhanə edir, yoxsa yox".
O. Quliyev deyir ki, ötən il Nazirlər Kabineti "Azərbaycan Respublikası Məktəbəqədər
tərbiyə müəssisələrinin nümunəvi Əsasnaməsinin təsdiq edilməsi
haqqında" 1995-ci il 17 yanvar tarixli 12 nömrəli qərarı ləğv edib.
NK-nın 2 oktyabr tarixli qərarı ilə "Məktəbəqədər təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi"-ni təsdiq edilib. Nümunəvi
Nizamnamə tabeliyindən, təşkilati-hüquqi formasından asılı
olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini
tənzimləyir.Bu nizamnamədə göstərilir ki, məktəbəqədər təhsil
müəssisəsində aşağıdakı qruplar təşkil olunur:
- körpələr qrupu (1-2 yaşlı uşaqlar üçün);
- körpələr qrupu (2-3 yaşlı uşaqlar üçün);
- orta qrup (3-4 yaşlı uşaqlar üçün);
- böyük qrup (4-5 yaşlı uşaqlar üçün);
- məktəbə hazırlıq qrupu (5-6 yaşlı uşaqlar üçün). Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6
yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər.
Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla
komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil
müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır.
Məktəbəqədər təhsil müəssisəsində qrupların sayı tədris prosesinin
şəraitindən və sanitar normalardan asılı olaraq müəyyənləşdirilir.
Məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sıxlığı
aşağıdakı kimi müəyyənləşdirilir:
Yaş qrupu |
Uşaqların sayı |
1 yaşdan 2 yaşadək |
15 |
2 yaşdan 3 yaşadək |
15 |
3 yaşdan 4 yaşadək |
20 |
4 yaşdan 5 yaşadək |
20 |
5 yaşdan 6 yaşadək |
20 |
Müxtəlifyaşlı uşaqlar üçün qruplarda |
|
1-3 yaşlı |
10 |
3-6 yaşlı |
15 |
Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq
sentyabr ayınadək həyata keçirilir, boş yerlərə isə uşaqların
qəbulu il ərzində aparılır. Uşaqların məktəbəqədər təhsil
müəssisəsinə qəbulu üçün müəssisənin müdirinin adına ərizə,
valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin
surəti, uşaqların mübadilə vərəqəsi, uşağın doğum haqqında
şəhadətnaməsinin surəti, uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli,
sağlamlığının vəziyyəti barədə arayış tələb olunur. Sağlamlıq
imkanları məhdud olan uşaqların məktəbəqədər təhsil müəssisəsinə
qəbulu və onların orada qalma müddətinin müəyyənləşdirilməsi
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata
keçirilir".
O.Quliyev deyir ki, bu qaydalara əməl etməklə bağçalara uşaqlar
qəbul olunur. Amma idarə səlahiyyətlisi dövlət məktəbəqədər təhsil
müəssisəsinə, ilk növbədə, işləyən tək valideynlərin, təhsil alan
anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi
iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların,
işsiz valideynlərin uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar,
qəyyumluqda olan uşaqların qəbul edilməli olduğunu söyləyir. Onu
sözlərinə görə, bağça direktorları uşaq qəbul edərkən bu qaydanın
tələbinə əməl etməlidirlər: "Bağça müdirləri boş yerə işləyən
valideynin uşağını qoyub, evdar qadının uşağını götürə bilməz.
Eləcə də, bağça müdirləri ərazidəki bağçaya getməli olan uşaqları
qoyub kənardan uşaq götürə bilməz. Biz tapşırmışıq ki, bağça
müdirləri bu qaydalara riayət etsinlər".
O. Quliyev rüşvət alan, bağçaya
uşaq götürülməsi qaydalarına əməl etməyən bağça müdirləri barəsində
ölçü götürüləcəyini, belələrinin hətta işdən kənarlaşdırılacağını
söylədi.