"Müxalifətin növbəti uğursuz layihəsi 2013-cü ilin noyabr ayından sonra tarixin arxivinə qovuşacaq"
9 Mart 2013 13:22 (UTC+04:00)
Bu barədə Milli.Az-a açıqlamasında millət vəkili, Ana Vətən
Partiyasının sədr müavini ZahidOruc bildirib.
Onun sözlərinə görə, bu üç şəxs öz aralarında vahid namizəd
müəyyənləşdirə bilsələr belə, bu, ölkədəki siyasi proseslərə heç
bir şəkildə təsir göstərməyəcək.
"Tutaq ki, onların arzu etdiyi vahid namizədlik məsələsi həll
olundu və şərti olaraq onlar Eldar Namazov üzərində dayandılar. Bu
nə verəcək? Müxalifətin olduqca məhdud resursunu həmin şəxsin
qalibiyyətinə yönəltməklə, qüvvələrin doğrudan da təmərküzləşməsini
görmək mümkün olmayacaq. Namizədlik cəbhəçi bölgə təmsilçilərinin
küskünlüyünü aradan qaldırmayacaq", - o əlavə edib.
Z.Oruc qeyd edib ki, 2010-cu ilin parlament seçkilərində də AXCP və
Müsavat vahid namizədlər müəyyənləşdirmişdilər, lakin paytaxtda
əldə edilən razılaşma, yerlərdə birmənalı qarşılanmamışdı. Vahid
namizəd məsələsində bölgələrlə razılıq olmadığına görə faktiki
olaraq, müsavatçılar cəbhəçilərin namizədlərini tanımırdılar,
cəbhəçilər də müsavatçıların namizədlərini.
Onun sözlərinə görə, bu üç şəxs razılığa gəlsələr belə, bu,
müxalifətin uğursuz layihələrindən biri olacaq.
"Hər üç şəxsin siyasi xarakterinə bələd olanlar bilirlər ki,
bunların arasında dərin uyuşmazlıq, qarşılıqlı tanımama və bir sıra
hallarda qarşılıqlı antipatiya var. Dünənki günləri onların
sabahını təhdid edir. Onların birləşdirici gücü bir araya gələndə
daha da zəifləyir və əks effekt verir. Düşünürəm ki, müxalifətin
növbəti uğursuz layihəsi 2013-cü ilin noyabr ayından sonra tarixin
arxivinə qovuşacaq", - o əlavə edib.
Qeyd edək ki, martın 7-də Müsavat başqanı İsa Qəmbər, AXCP sədri
Əli Kərimli və Ziyalılar forumunun fəalı Eldar Namazov qapalı görüş
keçirmişdilər. Onların görüşlərində vahid namizəd məsələsinin
müzakirə olunduğu deyilirdi.