SOCAR Avropanı rövnəqləndirir
9 Mart 2013 13:37 (UTC+04:00)
Yola saldığımız həftə bütün dünya əhalisinin diqqəti iş adamlarının
malik olduqları sərvətlərin həcminə kökləndi. Belə ki, "Forbes"
dünyanın ən zəngin insanların illik reytinqini açıqladı. Fantastik
rəqəmlər boğazları qurudurkən kimisi sərvətinin həcminin az
qiymətləndirildiyindən şikayət etdi, kimisi də ailəlikcə siyahıda
yer aldı. Böhran deyib ağlaşma quran Amerika və Avropa (Amerika,
Fransa, İspaniya) iş adamlarının adlarının ilk üçlüyə daxil olması
da diqqətdən yayınmadı. Yenə də özləri bilər. Başqasının pulunu
saymaq yaxşı iş olmadığından söhbəti uzatmadan keçək həftənin
xülasəsinə.
Avro Bölgəsində vəziyyət kritikdir. Fransadakı işsizliklə bağlı
rəqəmlər bölgənin gələcəyini daha da şübhə altına alıb. 2012-ci
ilin son 3 ayından işsizlik nisbəti 1999-cu ildən bu tərəfə ən
yüksək səviyyəyə çatıb.Analitiklər Avro Bölgəsinin ikinci böyük
iqtisadiyyatına sahib Fransada işsizliyin 2014-cü ilə qədər 11.3
faizə çatacağını proqnozlaşdırırlar.
Avropa Mərkəzi Bankı bu həftə Frankfurtda keçirdiyi toplantısında
gözləntilərin əksinə faiz dərəcələrini dəyişdirmədi. Faiz
dərəcəsini 0.75 səviyəsində saxladı.
Yaponlar inflyasiya arzulayır
Yaponiya Mərkəz Bankı rəhbərliyinə namizədlərindən biri Haruhiko
Kuroda isə seçildiyi təqdirdə ölkədə 15 ildir davam edən
deflyasiyaya son verəcəyini vəd etdi. O həmçinin bəyan etdi ki,
inflyasiyanın 2 faiz artıması üçün radikal qərarlara imza
atacaq.
Yola saldığımız həftə İtaliyada siyasi-iqtisadi olaylar beyinləri
qarışdırdı. Ölkənin keçmiş baş naziri Silvio Berluskoni Milan
məhkəməsi tərəfindən bir illik həbs cəzasına məhkum olundu. Kredit
dərəcələndirmə təşkilatı "Fitch" İtalyanın kredit reytinqini A-dan
BBB+ endirdi. Təşkilat bunu İtaliyada seçkilərdən sonra yaşanan
siyasi qeyri-müəyyənliklə əsaslandırdı.
Bazar dəyəri baxımından Avropadakı ən böyük bankçılıq şəbəkəsi HSBC
ABŞ-ın sanksiyaları ilə əlaqədar mənfəətinin 5.6 faiz düşdüyünü
açıqladı.Bankın vergi öncəsi mənfəəti 2012-ci ildəki 21,87 milyard
dollardan 20,65 milyard dollara düşüb.
Bu gün-sabah adın düşər dəftərə
Azərbaycana gəlincə, bizdə iqtisadi olaylar da boldu hər şey kimi.
Düzdür, ölkədəki milyaderlərdən kiminsə adı "Forbes"ə düşməyib.
Bununla belə Rusiyada yaşayan azərbaycanlılar sağ olsunlar hər il
milyardları ilə bizi sevindirirlər. Amma bundan bizə nə? Əsas
məsələ odur ki, Azərbaycan Beynəlxalq Valyuta Fonduna (BVF) olan
borcunun 97,3%-ni artıq qaytarıb. Nazirlər Kabinetinin 2012-ci ilin
yekunlarına dair hesabatına əsasən, 2013-cü ilin əvvəlinə
Azərbaycan hökumətinin BVF-yə olan borcun qalığı 15,3 mln. dollar
təşkil edib. Məlumat üçün bildirək ki, Azərbaycan BVF-yə 1992-ci
ildə üzv olub. 1995-ci ildən başlayaraq iqtisadi proqramların
dəstəklənməsində BVF-nin maliyyə yardımından bəhrələnib. Nəticədə,
1995-2005-ci illər ərzində Azərbaycanda iqtisadi islahatlar
proqramının dəstəklənməsi məqsədilə fonddan 577,3 mln. ABŞ dolları
məbləğində uzunmüddətli kreditlər cəlb edilib. Hazırda cəlb edilmiş
kreditlərin qrafik üzrə qaytarılması təmin olunur.
Daha bir xəbər Ümumdünya İqtisadi Forumu (ÜİF) ilə bağlıdır.
Aprelin 7-8-də Bakıda ÜİF-in "Cənubi Qafqaz və Mərkəzi Asiyanın
gələcəyi haqqında strateji dialoq" mövzusunda iclası
keçiriləcək.İclasda regionun imkanları və iqtisadi inkişaf
perspektivləri, sahibkarlıq, ticarət, təbii ehtiyatlar və
investisiyalar məsələləri müzakirə olunacaq.Qeyd edək ki, iclasın
keçirilməsi qərarı bu ilin yanvar ayında Azərbaycan prezidenti
İlham Əliyevin ÜİF-in icraçı sədri Klaus Şvabla keçirilən görüşündə
verilib.
Yola saldığımız həftə kənd təsərrüfatı naziri İsmət Abbasov da
sükutu pozdu. O, fermerlərə subsidiyaların verilməsi prosesində
nöqsanlar olduğunu açıqladı. Bildirdi ki, bütün rayon icra
başçılarına nazirlik adından müraciət olunub. Müraciətdə göstərilib
ki, subsidiyaların verilməsi zamanı şəffaflıq tam təmin
edilməlidir. O da bəlli oldu ki, kənd təsərrüfatının inkişafı
strategiyasının yenidən hazırlanması prosesinə start verilib.
Nəqliyyat naziri Ziya Məmmədov isə Bakıda keçiriləcək Avropa
Olimpiya Oyunlarına hazırlaşır. Nazir avtomobil yollarında,
dəmiryolu nəqliyyatında quruculuq işləri aparılacağını söyləyib.
2015-ci ilə qədər Azərbaycanda 600 km dəmir yolunun yenidən
qurulmasının başa çatdırılacağı məlum olub. Z.Məmmədov Bakıya əlavə
olaraq 1200 ədəd yeni avtobus və 2000 ədəd taksi gətiriləcəyini
istisna etməyib.
Sosial güzəşt gözləməyin
İpoteka Fondundan da xəbər çıxdı. Amma xəbərlər pozitiv deyildi.
Belə ki, il başlayandan fond sosial ipoteka krediti üçün 1 qəpik də
vəsait ayırmayıb. Fondun yenidən maliyyələşdirilmiş ipoteka
kreditlərinin həcmi 7,86 milyon manat olub. Fond 11 milyon manat
istiqraz yerləşdirib, banklar 7,42 milyon manat kredit verib.
Neft hasilatının azalması Dövlət Neft Şirkətini (ARDNŞ) həvəsdən
salmayıb. Şirkət özünü bazarın başqa seqmentində sınamaqda davam
edir. ARDNŞ 2013-cü ildə daxili istiqrazların buraxılmasını həyata
keçirəcək. Eyni zamanda xarici bazar üçün nəzərdə tutulmuş
istiqrazlar - avrobondların emissiyası praktikasını davam
etdirəcək. Çünki avrobondların əvvəlki buraxılışı bir sıra müsbət
nəticələrə gəlməyə imkan verib. Əslində sual yarana bilər ki, necə?
ARDNŞ prezidenti Rövnəq Abdullayevin əsaslandırmasına görə, ötən
ilin əvvəlində Avropanın fond bazarında orta gəlirlik dərəcəsinin
illik 7,4% olduğu bir vaxtda ARDNŞ-in avrobondları bundan aşağı –
5,4%-lə yerləşdirilib. İndi isə bu rəqəm 2 dəfədən də çox azalaraq
2,6%-ə düşüb. Bu da investorların ARDNŞ-ə etibar etdiyini və
beynəlxalq bazarlarda şirkətə inamın artdığını göstərir.
Xatırlayırsınzısa, 2005-ci il parlament seçkilərində hörmətli R.
Abdullayevin əsas seçki şüarı "Həyatınızı RÖVNƏQləndirin!" idi. O
zaman bu çağırış Keşlə sakinlərinə ünvanlanmışdı. İndi bu şüarın
Avropaya ünvanlandığını demək olar. Amma şüarda qurulmuş
kalambura-söz oyunu görəsən, ingilis, fransız və ya alman
dillərində necə alınır?