Mehriban Əliyeva:"Hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir"
10 Mart 2013 11:20 (UTC+04:00)
"Artıq üçüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif
ölkələrindən gələn ifaçıları, sənətkarları, incəsənət xadimlərini,
alimləri, musiqisevərləri bir araya toplayır və heç bir sərhədlərə
sığışmayan gözəl musiqi bizi on gün ərzində birləşdirəcək, bizə xoş
anlar bəxş edəcək". Bu sözləri Bakıda, Heydər Əliyev Mərkəzində
"Muğam aləmi" III Beynəlxalq muğam festivalının təntənəli açılış
mərasimində beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva deyib.
"Bu il muğam festivalının açılış mərasimi Heydər Əliyev Mərkəzində
keçirilir. Bu memarlıq abidəsi özü sanki musiqiyə bənzəyərək
insanların daxilində müxtəlif hisslər və obrazlar oyadır. Kimsə onu
dəniz dalğasına, kimsə bulud karvanına, kimsə küləyin şiddətinə
oxşadır. Bu məkan ənənəni və müasirliyi özündə birləşdirən Bakının
yeni simvollarından biridir. Bu axşam bu səhnədə bizim mədəni
irsimizin incisi olan gözəl muğam səslənəcəkdir.
Əziz dostlar, festival günləri biz birlikdə məşhur ustadları və
gənc ifaçıları dinləyəcəyik. Gənclər muğam müsabiqəsində iştirak
edəcəklər. Bakı Beynəlxalq Muğam Mərkəzində ustadların çıxışları,
Filarmoniyada, Opera və Balet Teatrında, digər konsert salonlarında
simfonik muğamlar, muğam operaları səslənəcəkdir. Bakı caz klubunda
muğamla cazın nadir sintezini dinləmək imkanı yaradılacaq.
Azərbaycan muğamının qədim ənənələri və tarixi ilə yanaşı, müasir
ifa sənətinin imkanları göstəriləcəkdir. Eyni zamanda, muğamın
ölkəmizin XX əsrdə musiqi mədəniyyətinin bütün janrlarına nə
dərəcədə təsir göstərdiyinin şahidi olacağıq. Mən ümidvaram ki,
festival proqramı özündə Azərbaycanda qonaq olan ölkələrin
rəngarəng muğam məktəblərinin ənənələrini, uğurlarını,
nailiyyətlərini də bizə göstərəcək. Ən əsası odur ki, Beynəlxalq
muğam müsabiqəsi yeni adlar, yeni istedadlar aşkar edəcək və
muğamın həm ölkəmizdə, həm dünyada daha yaxşı tanınmasına, daha
geniş yayılmasına töhfəsini verəcək".
Birinci xanım builki festivalın bir neçə yeniliklə seçildiyini
deyib. Birinci yenilik ondan ibarətdir ki, muğam müsabiqəsi təkcə
xanəndələr arasında keçirilmir, həmçinin instrumental muğam
sənətini də əhatə edəcək. Digər yenilik ondan ibarətdir ki, demək
olar, ölkəmizin bütün regionlarında fəaliyyət göstərən musiqi
məktəblərinin şagirdləri bu festivalda iştirak edəcəklər. Onlar
məşhur xanəndələrlə, ölkəmizə gələn qonaqlarla birgə çıxış
edəcəklər və əlbəttə, bu da gənc istedadlar üçün əvəzolunmaz bir
təcrübədir.
Əvvəlki illərdən fərqli olaraq bu il festival təkcə Bakı şəhərində
deyil, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qəbələdə, Şamaxıda,
Şirvanda və ölkəmizin digər şəhər və rayonlarında keçiriləcək.
"Dünyada muğama maraq artmaqdadır. Biz bunu festivalda iştirak edən
ölkələrin sayının artmasında da görürük. Bu il festivala 24 ölkə
qatılıb. Festival çərçivəsində keçirilən elmi simpoziumda xaricdən
gələn çoxsaylı ekspertlər və alimlər də iştirak edəcəklər.
Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni
irsidir. Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə malik olan
bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan
mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub.
Muğam isə əsl sənət incisidir. Təsadüfi deyil ki, Azərbaycan muğamı
UNESCO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına
salınıb və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan
tarı və tar ifaçılığı da var. Bu, bizim mədəni irsimizə, mədəni
irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin və
qayğının göstəricisidir.
Yəqin bilirsiniz ki, bu festival Heydər Əliyev Fondu tərəfindən
hazırlanır. Heydər Əliyev Fondu fəaliyyətinin ilk günündən mədəni
irsimizin qorunmasına xüsusi diqqət yetirir. Biz bu sahədə bir çox
tədbirlər hazırlayıb həyata keçiririk, bir çox festivallar
reallaşdırırıq. Bu sırada Qəbələ musiqi festivalı, Rostropoviçin,
Qara Qarayevin, Üzeyir Hacıbəylinin adını daşıyan festivalları qeyd
etmək istərdim. Əlbəttə, ən vacibi Beynəlxalq muğam
festivalıdır".
Beynəlxalq festivalın prezidenti qarşıdan gələn Novruz bayramı
münasibətilə festival iştirakçılarını ürəkdən təbrik edib.
"Festival iştirakçılarına uğurlar, bizə isə çox xoş anlar
arzulayıram".
Qeyd edək ki, martın 19-dək davam edəcək festivalın təşkilatçıları
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Bəstəkarlar İttifaqıdır.