Ölkənin baş pediatrı peyvəndlə bağlı müraciət etdi
11 Mart 2013 11:57 (UTC+04:00)
"Uşaqlara vurulan peyvəndlərin azyaşlıları autizm xəstəliyinə
mübtəla etməsi ilə bağlı yayılan informasiyalar yalnışdır və
zərərlidir. Bu heç bir əsası olmayan məlumatı ictimaiyyətə yayanlar
uşaqlara hansı zərbəni vurduqlarının fərqində deyillər".
Bu sözləri Movqe.az-a ölkənin baş pediatrı Nəsib Quliyev son
günlər peyvəndlərin zərərli olması ilə bağlı yayılan məlumatlara
münasibətində bildirib. Onun sözlərinə görə, uşaqlara vurulan
peyvəndlərin tərkibinin ağır metallarla zəngin olması barədə
səslənən fikirlər heç bir elmi əsası yoxdur: "Azərbaycana gətirilən
peyvəndlər digər ölkələrdə istifadə olunan peyvənddən heç nə ilə
fərqlənmir. Dünyada üç-dörd peyvənd istehsalı ilə məşğul olan
müəssisə var. Həmin müəssisələr də Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) nəzarətindədir. ÜST-ün texniki ekspert komissiyasının
qruplarındakı ekspertlər peyvəndlərin tərkibinə, necə
hazırlandığına nəzarət edirlər. Həmin müəssisələrdə hazırlanmış
peyvəndlər bütün dünyaya yayılır. Azərbaycanda azyaşlılara vurulan
peyvənlərin tərkibini şübhə altına salan məlumatlar yayan insanlar
bunun məsuliyyətini dərk etməlidirlər. Başa düşməlidirlər ki, bu
valideynlər arasında əsassız olaraq peyvənddən imtinaya gətirib
çıxara bilər ki, bu da uşaqların sağlamlığı baxımından təlükəlidir.
Peyvənd 20 yüzilliyin tibbdə naliyyəti elan olunub. Peyvəndin
autizm xəstəliyi yaratması barədə cəfəngiyyat danışanlara demək
istəyirəm ki, bu xəstəliyin etimologiyası heç tibbə bəlli deyil.
Haradan bildilər ki, peyvənd autizm yaradır. Mən valideynlərə
səslənib demək istəyirəm ki, bu cəfəngiyatlara uyub uşaqlarını
peyvənd etdirməkdən çəkindirməsinlər. Əgər peyvənd zərərli olsaydı
indi hamilə qadınların da peyvənd olunması zəruri
bilinməzdi".
Xatırladaq ki, Əhməd Rəhmanov adlı Bakı sakini 2008-ci il
təvəllüdlü oğlu Rəfael Rəhmanova 3 il öncə müxtəlif peyvəndlər
olunduğunu, peyvənddən sonra uşağın autizm xəstəliyinə
tutulduğunu iddia edir. O, mətbuata verdiyi müsahibələrində iddia
edir ki, peyvəndlərin tərkibində olan timerosal (orqanik civə)
sovet dövründə istifadə edilən peyvəndlərə nisbətən 2 dəfə
artırılıb: "Əgər bu vaksin birdəfəlik qabda yox, bir neçə dəfə
istifadə oluna bilən qablarda qablaşdırılıbsa, onun tərkibindəki
doza Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərinə görə normadan
35 dəfə çoxdur. Valideyn bildirir ki, timerosal (tiomersal) civə
tərkibli konservantdır. Qızılca (AKDS), qanazlığı (hemofiliya),
hepatit B, qripə qarşı vaksinlərə əlavə olunur. Yüksək toksiki
kimyəvi birləşmə əsasən alüminium vaksinin qarışığı ilə istifadə
olunduqda əsəb sisteminin pozulmasına gətirib çıxarır. Əgər həkim
təyinatı ilə istifadə olunmasa, bu, uşaqların əsəb sistemini poza
bilər. Üçüncü dərəcəli ölkələrdə isə ucuz başa gəlsin deyə, saxlama
müddətini uzatmaq üçün həmin vaksinlərə civənin tərkibi normadan
çox vurulur".