Suriya münaqişəsi Qafqaz üçün böyük təhdidə çevrilir

12 Mart 2013 07:41 (UTC+04:00)

Suriyada davam edən vətəndaş müharibəsinin Qafqaza təsiri getdikcə artır. Məsələ beynəlxalq miqyasda da ciddi narahatlıq predmetinə çevrilib. Məsələn, bir müddət öncə fransalı senator Natali Qule Fransa Senatında keçirilmiş plenar iclasında xarici siyasətə dair müzakirələrdə Dağlıq Qarabağ münaqişəsi, Suriyadan ermənilərin Dağlıq Qarabağa köçürülməsi və eləcə də ermənilərin Xocalıda yeni aeroport tikməsi məsələlərini qaldırıb.

Senator bildirib ki, Suriyada baş verən münaqişənin acı nəticələri Cənubi Qafqaz regionuna da öz təsirini göstərir: "Suriya erməniləri Ermənistana köçürülür və oradan da onları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətrafda yerləşən Laçın və Kəlbəcər kimi rayonlara göndərirlər. Erməni əsilli suriyalı qaçqınlara yönəlmiş belə bir siyasət pislənməlidir. Çünki bu siyasət beynəlxalq humanitar hüquqa və eləcə də dördüncü Cenevrə Konvensiyasına ziddir. Bölgədə demoqrafik tarazlığı süni şəkildə pozmağa yönəlmiş bu cür addımlar bir daha Ermənistanın destruktiv mövqeyini ortaya qoyur. Bununla Ermənistan təkcə bütün beynəlxalq təşkilatlar tərəfindən tanınmış Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini davam etdirmək deyil, eyni zamanda, Minsk qrupunun iştirak etdiyi və dalana dirənmiş danışıqlar prosesi ilə yadda qalan bu mürəkkəb vəziyyəti uzatmaq niyyətini nümayiş etdirir".

Suriya münaqişəsi davam etdikcə isə bunun Qafqaza təsirinin daha da artması gözlənir. Kanadanın "Mondialisation.ca" saytına görə, Rusiyada ehtiyat edirlər ki, Suriyada yaranacaq islam rejimi Qafqazda radikal tendensiyaları, həmçinin Amerika imperializminin mövqelərini gücləndirə bilər. Bildirilir ki, Amerika imperializmi separatçılara maliyyə və hərbi yardım göstərilir: "Bundan başqa, vaxtilə Qafqazdan Suriyaya gedən insanların axını narahatlıq yaradır. Həmin insanlar regionda etnik qarşıdurmaları gücləndirə bilər. Suriyada yüz minə qədər çərkəz yaşayır və onlar bu ölkədəki vətəndaş müharibəsində təhlükə altındadırlar. Çərkəzlər XIX yüzilliyin ikinci yarısında çar ordusunun qanlı repressiyalarından yaxa qurtarmaq üçün Şimali Qafqazdan qaçıblar. 2011-ci ilin sonunda çərkəzlərin nümayəndələri geri qayıtmaq üçün Rusiya hökumətinə müraciət etsələr də, mənfi cavab alıblar. Moskva ehtiyat edir ki, onların Şimali Qafqaza qayıtması Çeçenistan Respublikasında islam tendensiyalarını gücləndirə bilər".

Bu arada bir məqamı da qeyd edək ki, Azərbayjanda ötən il Təhsil Nazirlyi qarşısında ksiya keçirən bəzi dindarların məhz Suriyada dini təhsil alması üzə çıxmışdı. Ümumiyyətlə, isə hesab edilir ki, Suriya olaylarının Qafqaza təsiri davam edəcək və burada radikal dini qruplaşmaların perspektivdə Qafqaza, ilk növbədə Şimali Qafqaza axın etməsi tamamilə gözləniləndir.

Yeri gəlmişkən qeyd edək ki, Kreml indidən buna qarşı hazırlıq tədbirləri görürü. Beəl ki, məlumat verildyi kimi Rusiya son dövrlərdə Şimali Qafqaza böyük miqdarda hərbi qüvvə cəmləşdirir. Təbii ki, burada Moskvanın digər məqsədləri də var. Belə hesab edilir ki, Moskvanın əsas niyyəti bölgədə hərbi gücünü daha da artırmaqla, ilk növbədə, NATO-nun Qafqazlara qədər gəlişinin qarşısını almaqdır. Onu da qeyd edək ki, Rusiya rəsmiləri və hüquq-mühafizə orqanları Şimali Qafqazda baş verən hadisələrin arxasında radikal dini birləşmələrin olduğunu yaxşı bilir. Belə dini birləşmələrin əsasən vəhhabilərdən ibarət olduğu istisna edilmir. Məsələnin daha bir təhlükəli tərəfi isə ondan ibarətdir ki, Rusiyanın hərbi əməliyyatlarının miqyasını artırması fonunda Şimali Qafqazda radikal dindarlar da mövqelərini gücləndirir. ABŞ-ın "The :Jamestown Foundation"nun rəhbəri Hlen Hovardın araşdırmalarına görə, Əfqanıstandakı "Taliban Hərəkatı"nın ideoloji baxışlarının tədricən Qüzey Qafqaza sirayət edərək yerli şəraitə uyğunlaşma prosesi müşahidə olunmaqdadır. Dağıstanın yüksək dağlıq bölgələrində sələfiliyin tədricən adi həyat normasına çevrilməsinin ardınca bu prosesin yarımdağlıq və çöl bölgələrində də yayılması, bütün bunların ardınca yerli idarəetmə strukturlarında vəhhabilərin mövqelərinin güclənməsi artıq danılmaz fakta çevrilib.