Banklar beynəlxalq reytinq sarıdan hələ də problem yaşayırlar
12 Mart 2013 07:45 (UTC+04:00)
Ölkəmizdə kredit faizlərinin yüksək olması barədə indiyə qədər
dəfələrlə deylib, ekspertlər səviyyəsində məsələ qaldırılıb. Hətta
bir sıra dövlət rəsmiləri də kommersiya bankları tərəfindən kredit
faizlərinin kifayət qədər yüksək olmasına dair açıqlamalar da
verib. Hələlik isə görünən odur ki, bu sahədə hər hansı dəyişiklik
yoxdur və banklar əhaliyə yüksək faizlə kreditlər verməkdə davam
edirlər.
Araşdırmalara görə, Azərbaycan bank faizlərinin yüksəkliyinə görə
MDB ölkələri arasında ilk üçlükdə yer alır. Ölkədə bank
likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi
müşahidə edilsə də bank faizlərində azalma yoxdur. Hazırda
kommersiya banklarının təklif etdikləri kredit faizləri 16-30 faiz
intervalında dəyişir.
Mərkəzi Bankın uçot stavkasının 4,75 faiz olduğunu xatırladan
mütəxəssislər deyir ki, uçot stavkası kommersiya kreditlərindən 4-5
dəfə azdir. Hesab olunur ki, bank faizlərinin yüksək olmasının
qarşısını almaq üçün ilk növbədə, onu yaradan səbəbləri aradan
qaldırmaq lazımdır.
Bank faizlərinin yüksək olması bir neçə səbəblə bağlıdır. Bunlar
banklararası kreditləşmə üzrə orta faiz dərəcəsi, kredit-maliyyə
təşkilatlarının özünün bütün müştərilərinə təqdim etdiyi fərqli
depozit məhsulları üzrə orta faiz dərəcəsi, bank kredit
resurslarının strukturu (cəlb edilən vəsaitlərin payı nə qədər çox
olarsa, kreditin qiyməti də bir o qədər baha olar), təklif və
müştərilər tərəfindən kreditlərə olan tələbatdır. Kreditlərə olan
tələbatın artması faizlərin yuxarı qalxmasına gətirib çıxarır.
Bundan başqa faizlərə kreditinin növü və müddəti də təsir göstərir.
Digər sözlə kreditin təminatından asılı olaraq, onun ödənməməsi
halında bank üçün kəsb etdiyi riskin səviyyəsi də burada rol
oynayır. Ölkədəki inflyasiya səviyyəsi, borcalan və kredit
arasındakı münasibətin xarakteri, kreditin rəsmiləşdirilmə
xərcləri, həmçinin kreditin ödənilməsi və təyinatı üzrə xərclənməsi
üzərində nəzarət, Mərkəzi Bankın uçot dərəcəsi də faizlərə təsirsiz
ötüşmür.
Qeyd etmək lazımdır ki, MB-in uçot dərəcəsi -kreditlər üzrə
faizlərin səviyyəsinin başlıca oriyentiridir. Bu göstəricinin həcmi
pul vəsaitlərinin dəyərini müəyyən edir, daha doğrusu bank
təşkilatlarının çıxış əldə etdiyi kredit resurslarının qiyməti
müəyyən olunur. Bundan sonra isə kreditlər üzrə faizlərin ölçüsü
müəyyən olunur, daha sonra bu kreditlər fiziki və hüquqi şəxslərə
təqdim olunur. Uçot dərəcəsi nə qədər yüksək olarsa, kreditlər üzrə
faiz dərəcəsi də bir o qədər yüksək olar. Bundan əlavə uçot
dərəcəsi vasitəsi ilə ölkədəki inflyasiya səviyyəsi
tənzimlənir.
Beləliklə kreditlərin nəyə görə belə baha olması ilə bağlı suala
cavab versək faiz dərəcələrinin formalaşmasına təsir edən
faktorlara söykənmək lazımdır. İlk növbədə uçot dərəsinə və
inflyasiya səviyyəsinə baxmaq lazımdır. Əgər nümunə üçün Avropa
ölkələrini və ABŞ-ı götürsək, orada belə bir situasiya formalaşıb.
Avropada yenidən maliyyələşmə dərəcəsi təxminən 0,75%, ABŞ-da isə
(federal qanunlara əsasən faiz dərəcəsi) 0,0-0,25% təşkil edir.
Azərbaycanda isə son dəyişiklikdən sonra uçot dərəcəsi 4,75%-dir,
Rusiya həmin rəqəm 8,25%-dir.
İnflyasiyanın qiymətlərinə gəldikdə isə Mərkəzi Bankın
məlumatlarına əsasən 2012-ci ilin yanvar ayında bu rəqəm 4,8%
olduğu halda, dekabr ayında bu göstərici 1,1% olub. Bu ilin yanvar
ayında 0,8, fevralda isə1,0% inflyasiya qeydə alınıb. Ölkəmizdəki
inflyasiya qiymətləri real bazar qiymətlərindən xeyli fərqlənir.
Ölkəmizdə kreditlərin qiymətinin daha baha olması, depozitlər üzrə
də faizlərin həmin ölkələr ilə müqayisədə yüksək olması ilə izah
oluna bilər. Eyni zamanda kreditə olan tələbatı qeyd etmək olar.
Yəni açıq aydın görünür ki, ölkəmizdəki kreditlər Avropa ölkələri
və ABŞ ilə müqayisədə xeyli aşağıdır.
İqtisadçılar deyir ki, digər sektorlarda mənfəət dərəcəsinin yüksək
olması banklara faiz dərəclərini tam olaraq aşağı salmaq şəraitini
yaratmır. Bütün hallarda real sektorda mənfəət dərəcəsinin yüksək
olması bankları daha yüksək mənfəət əldə etmək üçün yüksək faizlə
kredit verməsinə gətirib çıxarıb. Aydındır ki, real sektorda
mənfəət norması birmənalı şəkildə bankların faiz siyasətini diqtə
edən əsas faktorlardandır. Təəssüf ki, bu, indiki halda yüksək bank
faizlərinin formalaşması ilə ifadə edilir. İqtisadçılar bildirir
ki, banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri
də yerli bankların beynəlxalq kredit reytinqinin yüksək olmaması
ilə bağlıdır. Beynəlxalq kredit reytinqinin yüksək olmaması
banklara birbaşa kredit resurslarına müraciət etməyə şərait
yaratmır. Banklar adətən vasitəçilər tapmaqla kredit resursları
əldə etməyə çalışırlar. Bu da fazilərin artımına təsir edir. Belə
ki, bu zaman cəlb edilən faizlərinin üzərinə cəlb edilən
vəsaitlərin üzərinə əlavə vasitəçi faizi əlavə edilir ki, bu kredit
xərcini artırır.
Bir daha xatırladaq ki, Mərkəzi Bankın mərkəzləşdirilmiş
kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin cəmi 5
faizini təşkil edir. Bu da banklarin vəsaitlərin 95 faizini
kənardan cəlb etmələri deməkdir. Kredit faizlərinin yüksək olması
həm də bəzi bankların qısa müddətdə gəlir əldə etmək istəyi ilə
bağlıdır.