Dərslik müəllifləri TQDK-nın cəmi 11 rəyi ilə razılaşdılar
13 Mart 2013 11:15 (UTC+04:00)
4-cü sinif üzrə 3 dərsliyin - "Azərbaycan dili", və "Riyaziyyat" və
"Həyat bilgisi" dərsliklərinin müəllifləri Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının (TQDK) iradlarından cəmi 11-i ilə
razılaşıblar. Bu barədə Movqe.az-a müəlliflər məlumat verib. 4-cü
sinif "Azərbaycan dili" dərsliyinin əsas müəllifi Rafiq İsmayılov
bildirib ki, TQDK-nın yazdığı 72 iraddan cəmi 9-u ilə razıdır.
Həmin iradların çoxu da vergüllərin yerinin səhf düşməsi ilə
bağlıdır.
4-cü sinif "Riyaziyyat" dərsliyinin əsas müəllifi Nayma
Qəhrəmanova isə bildirib ki, TQDK-nın 98 ittihamının
cəmi-cümlətanı 3-ü ilə razılaşıb: " Həmin iradlar da fərqi olmayan
iradlardır. Yəni mənim yazdığım kimi də ola bilər, TQDK-nın
ekspertlərinin dedikləri kimi də. Mən yazmışam bu toplama
əməliyyatından neçə rəqəm alınar? TQDK məsləhət görür ki, hansı
rəqəm alınar, yazılsın. İradların çoxu texniki xarakterlidir. Cəmi
3-ü ilə razılaşmışam.
4-cü sinif "Həyat bilgisi" dərsliyinin müəllifi Bahar Kərimova da
artıq TQDK-ya cavab hazırladığını əksər iradları qəbul etmədiyini
söylədi.
Qeyd edək ki, TQDK respublikanın ümumtəhsil məktəblərinin
4-cü sinifləri üçün "Azərbaycan dili" dərslik komplekti ilə bağlı
TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində
bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla
formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası qərara alıb ki,
"Azərbaycan dili 4" dərsliyinin (müəlliflər: R. İsmayılov, S.
Abdullayeva, D. Cəfərova, X. Qasımova) respublikanın ümumtəhsil
məktəblərində istifadəsi məqsədəuyğun hesab edilmir və dərslik
yenidən hazırlanmalıdır.
Ekspert Şurasının qərarında qeyd olunur ki, "Azərbaycan dili"
dərsliyin məzmununda, dil qaydalarının, oxu materiallarının
təqdimində, seçimində qüsurlar özünü göstərir. Bir çox məqamlarda
orfoqrafiya və durğu işarələri ilə bağlı yanlışlığa yol
verilib. 4-cü sinifdə dil qaydaları az olsa da, qənaətbəxş və
nizamlı deyil, bir çox hallarda lazımsız qaydalar verilib. Mətnlərə
aid tapşırıqlar Azərbaycan dili üzrə məzmun standartlarının
reallaşmasına ciddi kömək etmir. Dil qaydalarının müvafiq nitq
bacarıqlarına çevrilməsi yoxdur. Dərslikdə tez-tez pulla bağlı
humanistlik mövzusuna müraciət olunur. Rəydə bildirilir ki,
maddiyyat məsələlərinin bu qədər qabardılması məqsədəuyğun deyil.
Bir neçə məqamda isə illüstrasiyalar münasib sayılmayıb.
"Riyaziyyat" dərsliyində qeyd olunur ki, dərslik təhsil proqramını
(kurikulumu) tam əhatə etmir. Proqramdan çoxlu sayda kənaraçıxmalar
var. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir
çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə
alınmayıb. Dərslikdə riyazi terminlər harada gəldi və təhrif
edilmiş şəkildə verilib. Dərsliyin Azərbaycan və rus variantlarında
xeyli uyğunsuzluqlar var. Elə təəssürat yaradır ki, bunlar sanki
ayrı dərsliklərdir. Dərslikdə çoxlu sayda struktur xətaları var.
Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var.
Dərsliyin tərtibatı nöqsanlıdır".
Qərarda "Həyat bilgisi" dərsliyindəki çatışmazlıqlar da öz əksini
tapıb: ""Həyat bilgisi" dərsliyi rəsmi dövlət sənədlərinə – tədris
planına və fənn kurikulumuna uyğun hazırlanmadığına, müəlliflərin
subyektiv mülahizələrinə əsaslandığına görə standartlarda təsbit
olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri onun əsasında
formalaşdırmaq praktiki cəhətdən qeyri-mümkündür". Dərsliyə çoxlu
sayda iradlar bildirilib və onlar müəlliflər tərəfindən qəbul
olunmayıb. TQDK artıq dərsliklərə dair yekun rəyi bu gün Təhsil
Nazirliyinə göndərib.