Azərbaycanda qızlar niyə tez ərə gedirlər? - ARAŞDIRMA
13 Mart 2013 17:22 (UTC+04:00)
Əzizə ailə quranda heç 9-cu sinifi bitirməmişdi. Qızcığazı özündən
yaşca xeyli böyük olan qohumlarına ərə verdilər. "Oxumursa, evdə
oturub neyləyəcək ki?" Bu fikri valideynləri yanında o qədər
demişdilər ki, onun da ağlına batmışdı. Toy, təmtəraq, bahalı
hədiyyələr... Əzizənin gözünü qamaşdırmışdı. Lakin qız çox çəkmədi
ki, hər şeyin puç olduğunu başa düşdü. Ərinin nə qədər xaraktersiz
və kobud olduğunu da, dalbadal doğulan iki qızı ilə bütün ailənin
yükünü çəkməyin nə qədər ağır olduğunu anladı. Bir müddət dözdü,
sonda böyük biabırçılıq və söz-söhbətlə iki uşağı ilə birlikdə
atasının evinə qayıtdı.
Əslində Əzizə kimi erkən ərə verilmiş, həyatın nə demək olduğunu
anlamadan, dünyagörüşü formalaşmadan, sadəcə dəyişiklik xatirinə
ərə verilən qızlarımız kifayət qədər çoxdur. BMT-nin Əhali Fondunun
(UNFPA) erkən nikahlara həsr olunmuş hesabatında bildirilir ki,
Azərbaycanda 18 yaşına qədər ailə quran qızların 11,3 %-nin ibtidai
təhsili belə yoxdur. 18 yaşına qədər ailə quran qızların yalnız 26
%-i ibtidai təhsil alıb, 11 %-i orta məktəb və daha yuxarı təhsilə
malikdir.
Hesabatda, həmçinin o da bildirilir ki, 2000-2011-ci illəri əhatə
edən məlumatlara əsasən, Azərbaycanda nikahların 12,2 %-i gəlinlər
yetkinlik yaşına çatmadan bağlanıb. Bu cür nikahların əksəriyyəti
(15,2 %-i) kənd yerlərində bağlanır, 9,6 %-i isə şəhərlərin payına
düşür.
Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə,
2012-ci ildə 79,3 min nikah qeydə alınıb, 11 min boşanma baş verib.
2011-ci illə müqayisədə nikahların sayı 10,1 min və ya 11,3 %
azalıb, boşanmaların sayı isə 0,4 min və 3,6 % artıb. Boşananların
sayı isə ölkədə il ərzində 11 min nəfər təşkil edib. Bu rəqəm
2011-ci ildə 10,7 min, 2010-cu ildə isə 8,9 min nəfər təşkil edib.
Statistik rəqəmlərdən də belə görünür ki, ölkəmizdə ailə quranların
sayı ili-ildən azalsa da boşananların sayı artmaqdadır.
Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsinin Analitik
Araşdırmalar və İnformaisya şöbəsinin müdiri Elgün
Səfərov Anspress-ə açıqlamasında ölkədə 21 yaşınadək bağlanan
erkən nikahlar arasında boşanmaların çoxluq təşkil etdiyini
deyir.
"Ötən illərlə müqayisədə erkən nikahların sayı azalıb. Əvvəllər bu
rəqəm yeddi faiz idisə, son 3 ildə erkən nikahların sayında bir
faiz azalma müşahidə edilir. Amma 6 faiz də az rəqəm deyil. Əslində
bu çox narahedici rəqəmdir, çünki uşaq ölümü də ən çox erkən
qurulan ailələrdə baş verir", – E. Səfərov bildirib.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin
sədri Mehriban Zeynalovanın açıqlamasında boşanmalarda əsas
səbəb zorakılıq və erkən nikahların olmasını görür. "Münasibətlərin
tənzimlənməsində dözümsüzlük, sosial problemlər, ailə
idarəçiliyində müəyyən boşluqların olması, ailələrə müdaxilələrin
olması - bunlar hamısı boşanmaları şərtləndirən səbəblərdir. Ailəni
qoruyub saxlamaq üçün psixoloqa belə müraciət olunmur", - deyən QHT
sədri əvvəllər bununla bağlı ağsaqqal şurasının olduğunu, indi
bunun öz funksiyasını itirdiyini söyləyib.
İlahiyyatçı İsmayıl Əhmədovun bildirdiyinə görə, dini baxımdan
insanın yetkinlik yaşına çatdıqdan sonra evlənməsi məqbul sayılır.
Lakin bəziləri yetkinlik yaşına çatan kimi evlənirlər, bu da düzgün
deyil. İnsan bu prosesə həm fiziki, həm də zehni cəhətdən hazır
olmalıdır. Niyə evləndiyini, evliliyin məsuliyyətini dərk
etməlidir.
İ.Əhmədov hesab edir ki, erkən nikaha girənlər yaxşı olardı ki,
əgər evlənirlərsə, hələ övlad sahibi olmasınlar, çünki bu, böyük
məsuliyyətdir.
Ailənin nə zaman qurulmasına gəlincə, ilahiyyatçı hesab edir ki,
insan bir şeyə dəyər verməlidir, o dəyərin ətrafında toplanmalıdır.
Evlənən şəxslər də ailəyə dəyər verməyi bacarmalıdır. Bu yoxdursa,
hansı yaşda qurulmasından asılı olmayaraq həmin ailə dağılacaq.
Psixoloq Elnur Rüstəmovun verdiyi məlumata görə, boşanmaların
bu qədər yayılmasının səbəbi çox zaman insanların həyatlarında bir
dəyişiklik etmək istəyi ilə ailə qurmasındadır. Gözüyumulu ərə
verilən qız müəyyən yaş keçdikcə bəzi şeyləri anlayır, bəzi şeylər
sonradan xoşuna gəlmir. Ailə qurulan ilk 3-5 ildə cütlüklərin
bir-birinə adaptasiya olunması prosesi gedir. Elə cütlüklər də bu
zaman problem yaşayırlar və nəticədə qurulan ailələrin bir qismi
dağılır. Psixoloq hesab edir ki, boşanmaların əsas səbəbi təhsil
problemidir:
"Ali təhsil almayan qadınlar ailə qurmaqla bağlı tələsik qərarlar
verirlər. Onlar fikirləşirlər ki, ali təhsil almamışam, ailə həyatı
qurum ki, həyatımda hansısa bir dəyişiklik olsun. Erkən yaşda ailə
quran qadınların əksəriyyəti də təhsil almamış qadınlardır.
Cəmiyyət üçün problemləri də bunlar yaradırlar. Onların
kommunikasiya imkanları məhduddur, işləmirlər, öz potensiallarını
ortaya qoya bilmirlər", - deyə psixoloq bildirib.
"Evlənən cütlüklərin tibbi müayinədən keçməsi məsələsi qaldırılır.
Mən təklif edirəm ki, nikaha daxil olan şəxslər psixoloji
müayinədən keçməlidirlər. Bu gün kifayət qədər konkret psixi
problemi olan şəxslər (istər qadın, istər kişi) var ki, ailə
qururlar. İlk növbədə, bunun qarşısı alınmalıdır", - deyə E.
Rüstəmov bildirib.
/ANSPRESS.COM/