Yol qıraqlarında təhdid yaradan ət kəsimləri davam edir
14 Mart 2013 08:21 (UTC+04:00)
Son illər kəsilən ətin sanitar qaydalara cavab verməsi üçün onun
harda gəldi, necə gəldi kəsilməsinə qarşı müəyyən dərəcədə mübarizə
aparılması müşahidə olunur. Bunun nəticəsidir ki, indi paytaxtın
özündə yol kənarında ət kəsilməsi halları yox dərəcəsindədir. Çünki
bunun üçün müvafiq sallaqxanalar tikilib.
Amma şəhər kənarına çıxdıqda bu mənzərənin əksilə rastlaşmaq olur.
Dərnəgül qəsəbəsi, Xırdalan şəhəri və digər yerlərdə bəzi qəssablar
hələ də ət kəsimi işlərini yol kənarında həyata keçirir. Bununla da
onlar normativ qaydalara riayət etmirlər. Havaların istiləşməsi
fonunda yol kənarında ət kəsilməsi hadisəsi isə daha pis fəsadlara
gətirib çıxara bilər. Çünki bu halda kəsilən ət daha tez xarab
olur. Lakin satıcı ziyana düşməmək üçün hətta xarab olmuş məhsulu
belə satmaqda maraqlıdır. Belə xarab olmuş ət əhali tərəfindən
alınmadıqda bir çox hallarda restoran və yeməkxanalara verilir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev qanunla yol
kənarında ət kəsilməsinin qadağan edildiyini diqqətə çatdırdı: "Yol
kənarlarında ətin kəsilib satılması prosesi qanunla qadağandır. Ona
görə də belə hallar baş verərsə, prosesə cavabdeh qurumlar
səlahiyyətlərinə uyğun şəkildə onun satışına qadağa qoymalıdırlar.
Şəhərdə və şəhər kənarında ətin kəsilməsi üçün lazımi sallaqxanalar
tikilib. Kim ət kəsirsə, məhz bu yerlərə müraciət etməklə bunu edə
bilər. İnzibati Xətalar Məcəlləsinə görə yol kənarında ət kəsməyə
görə müəyyən cərimələr tətbiq olunur. "Baytarlıq Təbliğatı
Haqqında" Qanuna müvafiq olaraq cavabdeh qurumlar yol kənarında ət
kəsilməsi halına rast gəldikdə onu ləğv etmək, yandırmaq hüququna
malikdirlər".
Ekspert Cümşüd Nuriyev də bildirdi ki, ət kəsilməsi prosesi
Baytarlıq Xidməti Haqında Qanunla tənzimlənməlidir : "Respublikada
ət kəsilməsi işlərinə nəzarət edən Baytarlıq Xidməti idarəsi
fəaliyyət göstərir ki, burada da kifayət qədər mütəxəssis
cəmləşib.Lakin bu gün qəsəbələrdə hələ də əti yol kənarında kəsərək
satmaqda davam edirlər. Belə yerlərdəki hazırkı natəmizlik və
özbaşınalıq davam etsə, kütləvi xəstəliklərin yayılmasına şərait
yaranacaq. Belə şəkildə davam etsə, ölkədə qorxulu infeksiyanın
yayılma ehtimalı çox yüksəkdir. "Baytarlıq Xidməti Haqqında" qanuna
görə həmin xidmətin laboratoriyasında yoxlamadan keçməyən hər hansı
bir ət və süd məhsulu satışa çıxarıla bilməz. Amma elə Bakıətrafı
qəsəbələrdə müşahidə olunan mövcud vəziyyət bunun əksini göstərir.
Görünür, bir çoxları baytarlıq sahəsinə biznes kimi yanaşdığından
qəsəbələrdə müşahidə olunan həmin mənzərə hələ də qalmaqdadır. Belə
hərəkətə yol verənlər nə intizam, nə də cinayət məsuliyyətinə cəlb
olunurlar".