İnternet üzərindən qumar oyunlarına maraq artır
14 Mart 2013 16:45 (UTC+04:00)
Gənclər arasında internet üzərindən mərc oyunlarına, pul qoymaq
imkanının genişlənməsi, bu sahədə qanunsuzluqların artmasına yol
açıb. Virtual qumar oyunlarına nəzarət mexanizminin zəifliyi isə bu
cür oyunlara həm marağı, həm də istifadəni artırıb. Movqe.az-a
açıqlamasında "Multimedia" İnformasiya Sistemləri və
Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun
prezidenti Osman Gündüz bildirib ki, internet üzərindən qumar
oyunlarının qarşısını almaq mümkündür. Sadəcə olaraq bunun üçün
provarderlər həmin mərc oyunlarının, qumar oyunlarının təşkili ilə
məşğul saytları blok etməlidir.
Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin İnformasiya
cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev isə deyir
ki, internet üzərindən qumar oyunlarının qarşısını almaq üçün
mütləq məhkəmənin qərarı olmalıdır. Onun sözlərinə görə, bu cür
saytları blok etmək insan haqlarının pozulmasıdır. İ. Əliyevin
sözlərinə görə, yalnız məhkəmə qərar verdiyi anda bu cür saytların
fəaliyyəti dayandırıla bilər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan
Mansurzadə isə deyir ki, internet üzərindən qumar oyunlarına hüquq
mühafizə orqanları tərəfindən nəzarət olunur. Belə oyunların
təşkilinə görə, İnzibati Xətalar Məcəlləsində şərti maliyyə
mislinin 15 mislindən 20 mislinədək cərimə nəzərdə tutulur: "Bu
İnzibati Xətalar Məcəlləsinin 309 maddəsi ilə tənzimləmir".