Ermənistan: hakimiyyət haramı, məmur çörəyi və xalqın səfaləti
15 Mart 2013 10:59 (UTC+04:00)
Bu hakimiyyət danışır, amma dinləmək istəmir.
Ermənistanda keçirilmiş prezident seçkilərindəki saxtakarlıqlara və
qanunların ayaqlar altına salınmasına etiraz edən, Serj Sarkisyanın
ikinci dəfə prezident "seçilməsi"ni fırıldaq sayan, seçki
saxtakarlıqlarına qarşı çıxan insanlara əcəba, Yerevan iqtidarı nə
cavab verəcək?
Ermənistan vətəndaşlarının tək seçki saxtakarlıqları yox, həyat
saxtalığından cana gəldiklərini, sosial ədalətsizlikdən, məmur
harınlığından, qanunların işləməmsindən, Sarkisyan rejimində yer
almış adamların başıpozuqluqlarından bezdiklərini anlayan
hakimiyyət indi nə edəcək?
Belə adamlar 100 min də ola bilər, 10 min də, min də, yüz də, hətta
10 nəfər də. Mühüm olan bu deyil. Əsas məsələ odur ki, erməniləri
yaşadıqları ölkədə boğaza yığan, səbr kasalarını daşdıran məqamlar
var.
Serj Sarkisyanın iqtidarı ağıllı, adekvat hakimiyyət olsaydı,
suallara cavab verməyə çalışardı.
Sarkisyanın ağlı olsaydı, vətəndaşlarla onların problemlərindən
danışar - "böyük erməni milləti", "Böyük Ermənistan", dövlətçilik,
birlik, vəhdət və bu kimi sarsaq məqamlardan bəhs etməzdi.
Həmin məqamlar gurultuludur, patetikdir, amma çürük qoz qədər
dəyəri yoxdur. Çünki millət, dövlət və birlik məhz indi küçələrə
çıxaraq etiraz etmək istəyən, hakimiyyətdən zinhara gəldiklərini
deyən insanlardan, onların fərdi və kollektiv problemlərindən
asılıdır.
Deməli, Sarkisyan hakimiyyəti adekvat, Ermənistan prezidenti isə
ağıllı olsaydı, məhz vətəndaşlarla danışmalıydı. Bunun əvəzində isə
Serj Sarkisyan, onun ailə üzvləri, qohumları, qohumlarının
qohumları və hakimiyyətdəki adamlar Facebook-da bir-birlərini
təbrik edir, müxalifət liderlərini ələ salır, fevralın 18-də
keçirilmiş seçkilərdəki "qələbə"nin legitimliyinə sübut kimi
müxtəlif xarici ölkələrin dövlət başçılarının Yerevana yolladıqları
təbrikləri sadalayırlar.
Adekvat, ağıllı hakimiyyət belə vəziyyətdə cəmiyyətin narazılığını
konkret işlərlə aşağı salmağa çalışır.
Yerevandakı hakimiyyət isə başını quma gömən dəvəquşu təki heç nə
olmamış kimi davranır. Fəqət, Sarkisyan iqtidarındakı adamlar
dəvəquşudan fərqli olaraq, başlarını quma yox, bahalı
avtomobillərə, villalara, kabinetlərə soxurlar.
Sovet şairi V.Mayakovski yazmışdı: "Qaynar ürəkləri dəhşətli, kobud
çəkməklərlə əzmək olmaz - belə ürəkləri zərifliklə tapdalamaq
gərəkdir".
Sarkisyan hakimiyyətindəki şəxslərin zərifliyi yalnız onların
özləri üçündür. Yerdə qalan ermənilər üçün onların davranış
təsəvvürləri kobud çəkmədən o yana getmir.
Özü də Yerevandakı iqtidar mənsubların özündən zəifləri əzməklə
yanaşı, özündən güclüləri də aldatmağa çalışır.
Fəqət, bu zaman çəkmə sahibi yerini dəyişir.
Eynən Sarkisyanın mövqeyi təki.
Ermənistan prezidenti indi də baş nazir Tiqran Sarkisyana hökumətdə
fundamental, köklü dəyişkiliklər etməyi tapşırıb. Yerevanda çıxan
"Hrapark" qəzeti yazır ki, struktur islahatları kimi qələmə verilən
kosmetik yenilənmələrin başlıca məqsədi Sarkisyanın prezident
postunda təntənəli andiçmə mərasimindən sonra baş nazirin yerində
qalması, yəni təkrar təyinatıdır.
Hökumətdə dəyişikliklər olacaq, amma yalnız bələdiyyə seçkilərindən
sonra, ölkədəki siyasi mənzərə tam aydınlaşanda.
Kadr dəyişikliklərinin isə sentyabrda başlayacağını təxminləmək
olar.
Ümumiyyətlə, Ermənistanda hər seçkidən sonra ciddi kadr və struktur
islahatlarından bəhs edirlər. Cəmiyyətdəki fərdlərin tam
əksəriyyəti üçün bu məlumat həm də ona görə maraqlıdır ki,
deyilənlər siyasi intriqa, yeni qovmalar və təyinatlardır. Bütün
bunların hamısı müxalifətin saqqızının çoxdan oğurlandığı
məmləkətdəki insanların maraqlandıqları məsələlərdir.
Serj Sarkisyan çətinlik çəkəsi deyil, çünki erməni məmurların tam
əksəriyyətini yetərincə asanlıqla iti qovan təki qovmaq, onlara
qarşı cinayət işi qaldırmaq, çoxsaylı qanunsuzluqlar, vəzifə
səlahiyyətlərindən sui-istifadə və cinayətlərdə suçlamaq olar.
Yerevan iqtidarındakı məmurların total çoxluğu daxili siyasi
intriqalar üçün zəngin material, özüyeriyən cinayət işləridir.
Yoxsul ölkələrdə, əhalisinin əksəriyyəti səfillikdə yaşadığı
yerlərdə hakimiyyət çətin saydığı məqamlarda bir-iki başı bədəndən
ayırmaqla çörək və əyləncə tələb edən kütləni sakitləşdirməyə
çalışıb.
Sarkisyan iqtidarı belə əllaməliyi əla bacarır. Erməni məmurlar elə
məxluqlardır ki, onlardan istifadə edərək istənilən əyləncə
hazırlamaq olar.
Saxtalaşdırılmış prezident seçkilərindən sonra seçici olduqlarına
şübhə edən vətəndaşlarının səbr kasasındakı qəzəbin artıq daşmaq
ərəfəsində olduğunu bilən Yerevan iqtidarı guya Serj Sarkisyana
rəqib olmuş adamın - İrs Partiyasının sədri Raffi Hovvanisyanın
rolunun cazibədarlığının tükənməkdə olduğunu görərək Yerevanda
keçiriləcək Ağsaqqallar Şurası və mer seçkiləri ilə yanaşı,
bələdiyyə seçkilərində də tragifarsı təkrarlamağı düşünür.
Müxalifət qüvvələrinin hələ də birləşə bilməmələri, yaxud da bunu
istəməmələri, sabiq prezidentlər Levon Ter-Petrosyanla Robert
Köçəryanın aşkar gözləmə mövqeləri tutaraq hadisələrin hansı
məcrada inkişaf edəcəyinin müşahidəsinə üstünlük vermələri, ən
nəhayət Çiçəklənən Ermənistan Partiyasının sədri və həm də
siyasəti, əslində isə oliqarx Qagik Sarukyanın susmasının
dəyərləndirilməsini uzatmamağa çalışan iqtidar tələsik addımlar
atır.
Həmin qərarlar düşünülməmiş olsa belə, effektlidir. Çünki
əks-təsirin həddən ziyadə zəif olduğu müstəvidə istənilən formada
təsir gözlənilən nəticəni verə bilər və verəcək də.
Yerevandakı hakimiyyət vətəndaşlarından qətiyyən çəkinmədiyi kimi,
seçkilər ərəfəsində situasiyanın nəzarətdən çıxacağını da düşünmür
və bunun vəsilələri az deyil.
Əvvəla, müxalifət dağınıqdır, Sarkisyan iqtidarına ünvanlanmış sərt
və təhdid dolu bəyanatlara rəğmən, faktiki olaraq heç bir partiya,
hərəkat və ya qruplaşma real fəaliyyət imkanında deyil.
Sonrası da odur ki, müxalifət düşərgəsindəki siyasi liderlər və
liderlik iddiasında olan şəxslər hələ də korporativ maraqlarla
şəxsi ambisiyaları ölkə əhalisinin mənafeyindən üstün tutur, onları
dəstəkləyən güc mərkəzlərinin sifarişlərini yerinə yetirirlər.
Ona görə Yerevan iqtidarı siyasi əyləncələri bol edərək bu minvalla
tamaşanın əsas ünsürlərindən biri olan çörəyin yoxluğunu
unutdurmağa çalışır.
Sarkisyan iqtidarının çörək təminatı, yəni vətəndaşların yaşamını
nisbətən normallaşdırmaq istəyi isə yoxdur və bunun da çeşidli
səbəbləri mövcuddur. Əvvəla, Ermənistanda çörək azdır və həmin
çörək 40-50 ailə arasında bərabər bölünməlidir. O ailələr
Sarkisyanın əhli-küyalından tutmuş, iri oliqarxlar və ilaxırlardır.
Həmin bölünmədən sonra qalan çörək deputatlar, nazirlər, onların
qohumları, saray əhli, mühafizəçilər, polislər, ən nəhayət 40-50
ailə üçün yaxşı rifahı təmin edəcək müxalifətçilər arasında
paylanmalıdır.
Sovetlər Birliyi illərində Ermənistanda çörək vardı, az-çox hamıya
çatırdı. Ermənilər oğurluq edir və yaşayırdılar. Müstəmləkə
dövründən sonra feodal diktaturası dövründə yaşayan Ermənistanda
isə ermənilər özləri çörək bişirməli və bölüşdürməlidir.
Həmin çörək necə bölüşdürülür - bütün ermənilər bilir.
Serj Sarkisyan iqtidarı, hökuməti və parlamentinin də qarşısında
duran başlıca məsələ imtiyazlı insanların yaxşı həyatına nail
olaraq belə yaşamı təmin etmək, hakimiyyət mexanizminin işinə mane
olan səs-küyü və narazılıqları maksimum dərəcədə azaltmaqdır. Asan
məsələ deyil, çünki feodal sistemi üçün səciyyəvi olan təmayüllər
əsasında inkişaf edərək çalışan siyasi-iqtisadi sistem elə bir zina
dövrünə çatıb ki, artıq dövrü olaraq eybəcər situasiyalar
doğulur.
Sarkisyan da həmin zinakar hakimiyyətinin qanını təmizləmək üçün
"kadr və struktur islahatları" aparır.
Belə "islahatlar" bir tərəfdən kütlənin əyləncəyə olan ehtiyacını
təmin etməli, digər tərəfdən də yeni anlaşmalar, sövdələşəmlər,
razılaşmalar və "yeni təkliflər" hesabına sistemin mövcudluğunu
təmin etməlidir.
Ermənistan müstəqil dövlətə çevriləndən bəri belə olub, hansısa
"köklü dəyişikliklər"ə rəğmən belə də olacaq.
Sarkisyan hakimiyyəti üçün "islahatlar" nə qədər köklü olarsa, bir
o qədər yaxşıdır.
Çörək yoxdur, amma əyləncə boldur.
Mütiləşmiş kütləyə də bu gərək deyilmi?!