Natiq Ələkbərov: "Vəziyyət əvvəlki kimi pis olmasa da, yenə də, bu kəməri taxmayanlar kifayət qədərdir"
Təhlükəsizlik kəmərini ixtira edən mühəndis Nils Bolinin bu icadı hər il minlərlə insanın həyatını xilas edir. Azərbaycanda da sürücülərin təhlükəsizlik kəmərindən istifadəsi xüsusi diqqət mərkəzindədir. Lakin araşdırmalar yenə göstərir ki, bu kəmərlərə laqeyd yanaşan, ondan istifadəyə lüzum görməyən sürücülərin sayı da yetərincədir. Məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Mövqe.az-a açıqlamasında qeyd edib ki, sürücülük kəmərindən istifadə etməyənlərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş cərimələr tətbiq edilməkdə davam edir: "Sürücülərə izah olunur ki, sürücülük kəmərinin əhəmiyyəti nədən ibarətdir. Xüsusilə də hava yastığı olmayan avtomobillərdə bu kəmərdən istifadə mütləqdir. Əslində, sürücünün kəməri bağlamadığına görə hadisə olmur. Sadəcə hadisə zamanı kəmər insanı ölümdən saxlaya bilir. Bu, qoruyucu bir elementdir. Sürücülər bu məsələyə şüurlu şəkildə yanaşmalıdır və kəmərlərini bağlamalıdırlar. Çünki heç kəs yolda özünün günahı olmadan və yaxud da əksinə qəza törədəcəyinə zəmanət verə bilməz. Sürücüləri bu kəmər qoruya, hətta ölümdən xilas edə bilər. Bunun şahidi olan kifayət qədər insan var. Amma çox maraqlı haldır ki, ölümdən qurtardığı üçün kəmərə minnətdar olan şəxs ikinci dəfə yenə də kəməri bağlamır və bunu etiraf da edirlər".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun Mövqe.az-a açıqlamasında xatırladıb ki, təhlükəsiz kəmərindən istifadə etməyən sürücülərə qarşı cərimələrin qiyməti artırılıb: "Təhlükəsizlik kəmərindən mütləq istifadə etmək vacibdir. Bu kəmərdən istifadə edilməsi faizi yüksəlib, bu da yaxşı haldır. Çünki cərimə məbləği sərtləşdirilib. Hal-hazırda təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə haqqı 40 manatdır. Amma əvvəllər belə hal baş verəndə sürücü 20 manat cərimə ödəyirdi. Cərimə 20 manat olanda sürücülər bu kəmərin bağlanmasına çox məsuliyyətsiz yanaşırdılar və istifadə səviyyəsi aşağı idi. İndi isə cərimə yüksək olduğu üçün istifadə edənlərin sayı da artıb. Artıq 30-35 faiz artım görsənir. Sürücülər arasında, xüsusilə də qadınlar əvvəlki ilə müqayisədə 20% daha çox təhlükəsizlik kəmərindən istifadə edirlər".
Nəqliyyat üzrə ekspert Natiq Ələkbərov təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barəsində aşağıdakıları qeyd edib: "Əksər sürücülər təhlükəsizlik kəmərindən istifadə etmirlər. Son vaxtlar cərimələrin artırılması, cəmiyyətdə nüfuza malik insanların kəmərdən istifadə etməyə başlaması təhlükəsizlik kəmərindən istifadənin faizini artırıb. Vəziyyət əvvəlki kimi pis olmasa da, yenə də, bu kəməri taxmayanlar kifayət qədərdir. Bunun qarşısının alınması üçün sürücülərə tətbiq oluna cərimə məbləği daha da artırılmalı və sürücülər arasında intensiv maariflənmə aparılmalıdır. Sürücülərin şüurunda bu kəmərdən istifadə prosesi yer tutmalıdır. Düşünürəm ki, nəzarətin daha da artırılması sürücülərin məsuliyyətsizliyini, etinasızlığını azaldacaq. Bu məsələlərlə bağlı mediada təbliğat da yüksək dərəcədə aparılmalıdır. Sürücü olmayan vətəndaş da kəmərin əhəmiyyətini anlamalıdır".